21 NOYABR 2012
İSİM-in nümayəndəsi Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının ilk regional Forumunda iştirak etdi
Şərqi Avropa-Mərkəzi Asiya ölkələrində fövqəladə hallara hazırlığı və humanitar ölçülərdə cavabvermə tədbirlərini həyata keçirmək üçün bütün qüvvələrin koordinasiyasının yaxşılaşdırılması məqsədilə 2011-ci ildə keçirilmiş fövqəladə vəziyyətlərdə reproduktiv sağlamlığın qorunması üzrə Qlobal Təşkilatlararası işçi qruplarının 13-cü illik iclasında Şərqi Avropa-Mərkəzi Asiya ölkələri üçün fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması üzrə Təşkilatlararası forumun təşkil olunması barədə qərar qəbul edilib. Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının ilk regional Forumunda məqsəd ölkə nümayəndələri arasında fövqəladə hallara hazırlıq istiqamətində həyata keçirilən fəaliyyətdə əməkdaşlığı möhkəmləndirməkdir. Bu ildən etibarən Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının illik iclası keçiriləcək, il ərzində görülmüş işlər barədə hesabat veriləcək və bu hesabat gələn ilin iş planında əksini tapacaq.
2012-ci il noyabrın 20-21-də Türkiyənin İstanbul şəhərində BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü ilə fövqəladə hallara dair Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının ilk regional Forumu keçirildi. Türkiyə, Moldova, Qırğızıstan, Tacikistan, Gürcüstan və digər ölkələrin iştirak etdiyi Forumda Azərbaycanı Səhiyyə Nazirliyinin əməkdaşı Gülər Ağayeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin proqram müşaviri Teymur Seyidov təmsil etdilər.
Azərbaycan nümayəndələri BMT-nin Əhali Fondunun maliyyələşdirdiyi, İSİM-in təşkilatçısı olduğu Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması layihəsi çərçivəsində keçirilmiş seminar haqqında hesabatı təqdim etdilər. Digər üzv ölkələr də fövqəladə hallar üzrə fəaliyyətləri barədə məlumat verdilər. Gələcək fəaliyyətin uğurlu qurulmasına dair tövsiyələr nəzərə çatdırıldı.
Forum nəticəsində regionda reproduktiv sağlamlığın qorunmasında iştirakçıların potensial inkişafını stimullaşdırmaq, informasiya və xidmət əlçatanlığını, əməkdaşlığı yaxşılaşdırmaq, fövqəladə hallar üzrə fəaliyyətdə boşluqları doldurmaq naminə kommunikativ vasitələrdən faydalanmağın zərurəti vurğulandı. Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qrupları üçün texniki tapşırıq işlənildi və qəbul edildi. Ölkələrin hesabatı əsasında 2013-cü il üçün fövqəladə hallara dair fəaliyyət planı hazırlandı. Region üçün bir sıra prioritetlər müəyyənləşdirildi, ölkə nümayəndələrinin başlıca rolları və cavabdeh olduqları məsələlər aydınlaşdırıldı.