11 OKTYABR 2012
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2012-ci il oktyabrın 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rostropoviç-Vişnevskaya Fondu, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, AbtAssociates, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və digər təşkilatların nümayəndələri iştirak etdilər.
Rostropoviç-Vişnevskaya Fondunun icraçı-direktoru Soltan Məmmədov təşkilatın davamlı işlərindən bəhs etdi. Çıxışında “Hamilə qadınların HepB və İİV-ə qarşı diaqnostikası və yenidoğulmuş uşaqların HepB-ə qarşı profilaktikası” proqramının hələ də davam etdiyini nəzərə çatdırdı.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İlkin yardım sektorunun rəhbəri Şahin Biləndərli Azərbaycanın bir neçə bölgəsində “İlkin yardım” mövzusunda əhali üçün təlimlərin keçirildiyi barədə məlumat verdi. Hazırda həmin təlimlərdən sonra əhali arasında nə kimi dəyişikliklərin olduğunu müəyyənləşdirmək məqsədilə monitorinqin aparıldığını da bildirdi.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov Mərkəzin hazırkı fəaliyyəti barədə qısa məlumat verdi. E.Muradovun sözlərinə görə, ötən illə müqayisədə bu il könüllü məsləhət və müayinə məntəqələrinin sayı 28-ə çatıb və aparılan monitorinqlər müraciət edənlərin sayının artdığını göstərib. E.Muradov həmçinin Qlobal Fondun təşəbbüsü və Mərkəzlə bir neçə QHT-nin əməkdaşlığı sayəsində hazırda Bakıda mobil məntəqələrin təşkil olunduğunu vurğuladı. Həmin məntəqələrin vəzifəsi risk qrupuna aid olan və “gecə həyatı” sürən insanların maarifləndirilməsi və yoxlamaların aparılmasıdır.
ÜST-nin nümayəndəsi Samir Mehdiyev İSİM-də keçirilən “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” mövzusunda təlim haqqında qısa məlumat verdi. Təlimçilər üçün təkmilləşdirmə təliminin əsas məqsədi beynəlxalq mütəxəssislərin təklifləri nəzərə alınmaqla, ictimai səhiyyədə fövqəladə halların idarə edilməsi istiqamətində fəaliyyətin düzgün qurulmasına nail olmaqdır. S.Mehdiyev gələn il belə kursun səhiyyə sistemində rəhbər vəzifələrdə çalışanlar üçün keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı.
İSİM-in direktoru Ceyhun Məmmədov ötən aylar ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verdi. Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun ilkin nəticələrinin noyabrda hazır olacağını deyən direktor Mərkəzdə keçirilən bir sıra mühüm tədbirlərdən söz açdı. Xüsusilə sentyabrın 26-da “Reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinin dövlət tərəfindən idarə olunması”na həsr olunmuş dəyirmi masa, sentyabrın 20-də jurnalistlər üçün “Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları” mövzusunda keçirilən brifinq, “Əhalinin sağlamlığının təmin edilməsində münasibət və davranışların dəyişdirilməsinə yönəlmiş ünsiyyət” mövzusunda Milli Tədris Kursundan bəhs etdi. C.Məmmədov Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) əsasında CDC tərəfindən ölkə üzrə İnformasiya Bülleteninin hazırlandığını da bildirdi. Eləcə də Səhiyyə Nazirliyi tərəfindən “Yenidoğulmuşlarda hipoqlikemik və hiperqlikemik vəziyyətlər üzrə klinik protokol”, “Baş ağrıları üzrə klinik protokol” və digər klinik protokolların təsdiqləndiyini vurğuladı.
“Azərbaycanda qeyri-infeksion xəstəliklərin risk amilləri” mövzusunda təqdimatla İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova çıxış etdi. Təqdimatda Azərbaycanda ilk dəfə keçirilmiş qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqatdan bəhs olundu. T.Cəmilova Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu ildə Azərbaycanda ölüm hallarının 80%-nin əsas 4 QİX-lə bağlı olduğunu və ÜST-nin hesablamalarına görə, Avropada xəstəliklərdən ölüm göstəricisinin 86%-nin məhz QİX-lərin payına düşdüyünü nəzərə çatdırdı.
Sonda iştirakçıların sualları ətrafında fikir mübadiləsi aparıldı.