10 OKTYABR 2012
10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür
Psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyil. Belə pozuntuları olmayan bir çox insanların da psixi problemləri var. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir. Bu mənada psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır. İnsanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur.
Hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu Gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür. 2012-ci il Ümumdünya Psixi Sağlamlıq Gününün mövzusu “Depressiya: qlobal böhran”dır.
Xəstəliklərin qlobal yükünü daha da ağırlaşdıran depressiyadan dünyada bütün yaş qrupları üzrə 350 milyondan artıq insan əziyyət çəkir. Depressiyadan xilas olmanın məlum effektiv müalicə növlərinin mövcudluğuna baxmayaraq, əksər ölkələrdə müalicəyə əlçatanlıqda problemlər hələ də qalır. Bəzi ölkələrdə isə belə müalicəni ehtiyacı olanların 10%-dən azı alır.
Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir.
Müharibələr və digər fəlakətlər psixi sağlamlığa və psixoloji rifaha ciddi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.
İctimai səhiyyənin vacib vəzifələrindən biri olan psixi sağlamlığın qorunması istiqamətində ölkəmizdə davamlı tədbirlər görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və ÜST arasında imzalanmış 2006-2007-ci illəri əhatə edən İkiillik Əməkdaşlıq Sazişinə uyğun olaraq, 2007-ci ilin iyunundan etibarən Azərbaycanda “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” və “Əhalinin Psixi Sağlamlığı Siyasətinin və Kadrların Təkmilləşdirilməsi Strategiyasının Hazırlanması” layihələri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən həyata keçirilməyə başlanılıb. Layihələr ÜST-nin texniki və ekspert dəstəyilə gerçəkləşdirilib. ÜST tərəfindən tərtib olunmuş “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” vasitəsindən istifadə etməklə, Azərbaycanın psixi sağlamlıq sistemindəki çatışmazlıqların dəqiq və aydın mənzərəsi əldə edilib, bu məlumatlar müəyyən vaxt ərzində psixi sağlamlıq sahəsində, eləcə də psixiatriya yardımı göstərilməsindən sonra daha müsbət nəticələrə nail olmağa imkan yaradıb. 2011-ci ilin mayında Psixi Sağlamlıq Sahəsində Milli Strategiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub.
Azərbaycanda da hər il olduğu kimi Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunur. 10 oktyabr 2012-ci il tarixdə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş dəyirmi masada Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları da iştirak etdilər. Dəyirmi masa iştirakçıları psixi sağlamlıq sahəsində gələcək inkişaf perspektivlərini və Azərbaycanda psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması məsələlərini müzakirə etdilər.
Sağlam olmaq vacib insan hüquqlarından biridir. Məhz Ümumdünya Psixi Sağlamlıq Günündə psixi pozğunluqdan əziyyət çəkənlərin lazımi müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırış ifadə edilir.