25 SENTYABR 2012
Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) əsasında CDC tərəfindən ölkə üzrə İnformasiya Bülleteni hazırlanmışdır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə dünyanın bir çox ölkələrində keçirilən Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) ötən il artıq Azərbaycanda da reallaşmışdır.
Vahid metodologiyaya əsaslanan həmin tədqiqatın ilkin mərhələsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 25 məktəbin 13-15 yaşlı 2018 şagirdin arasında sorğu aparılmış və nəticədə tütündən istifadə ilə bağlı müxtəlif məlumatlar toplanılmışdır. Suallar siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, siqaret çəkməkdən imtina, ətrafdakıların siqaret çəkməsi, tütünlə əlaqəli media və reklam haqqında olmuşdur. Sorğu zamanı anonimlik, sorğunun nəticələrinin konfidensiallığı təmin edilmiş, həmçinin tütünlə mübarizəyə dair müxtəlif maarifləndirici nəşrlərdən istifadə olunmuşdur.
Toplanmış məlumatlar əsasında CDC tərəfindən ölkə üzrə İnformasiya Bülleteni hazırlanmışdır. Tədqiqata dair yekun hesabatın hazırlanması və ictimaiyyətə çatdırılması da nəzərdə tutulur.