26 SENTYABR 2012
İSİM-də “Reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinin dövlət tərəfindən idarə olunması”na həsr edilmiş DƏYİRMİ MASA keçirildi
2011-ci ildə Azərbaycanda BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində kontraseptivlərin əlçatanlığına və istifadəsinə təsir edən davranış və mədəni normaları öyrənmək üçün tədqiqat aparılmışdır. 2012-ci ilin 6-7 iyun tarixlərində UNFPA EECARO və IPPF-EN-in birgə təşəbbüsü ilə Belçikanın Brüssel şəhərində, Azərbaycan da daxil olmaqla, yeddi ölkədə keçirilmiş bu tədqiqatın nəticələrinə həsr olunmuş Şərqi Avropa və Orta Asiya Regionu ölkələrinin nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli görüş keçirildi.
2012-ci il sentyabrın 26-da İSİM-də Brüssel görüşündə irəli sürülmüş “Reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinin dövlət tərəfindən idarə olunması” üzrə tövsiyələrin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbirdə millət vəkilləri, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Baş Səhiyyə İdarəsi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, İSİM, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), AbtAssociates, Ümidli Gələcək Gənclər Təşkilatının nümayəndələri və jurnalistlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov Brüssel görüşündə irəli sürülmüş tövsiyələrin əhəmiyyətini vurğulayaraq, tədbirin məqsəd və vəzifələrini diqqətə çatdırdı. Azərbaycanda tədqiqatın nəticələrinin BMT-nin Əhali Fondu tərəfindən ölkədə ailə planlaşdırılması üzrə müvafiq proqramların tərtib edilməsində istifadə olunacağını bildirdi. Direktor həmçinin ötən illər ərzində ailə planlaşdırılması xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə beynəlxalq təşkilatların Azərbaycanda keçirdiyi layihələrdən bəhs etdi.
BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Zahidul Haq BMT-nin 11 oktyabr tarixini Beynəlxalq Qız Uşaqları Günü elan etdiyini bildirdi. O, hazırda Azərbaycanda qız uşaqlarının dünyaya gəlməməsi məqsədi ilə aparılan selektiv abort məsələsinə xüsusilə diqqət yetirməyin vacibliyini vurğuladı.
Belçikanın Brüssel şəhərində keçirilmiş və “Sübuta əsaslanan reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinin dövlət tərəfindən idarə olunması”na həsr olunmuş yüksək səviyyəli görüşün hesabatını İSİM-in həkim-metodisti Teymur Hüseynov təqdim etdi. Məruzəçi görüşdə 25-dən artıq ölkənin və UNFPA EECARO və IPPF-EN üzv nümayəndələrinin iştirak etdiyini bildirdi. Brüsseldə təqdim olunmuş tədqiqatın nəticələri göstərdi ki, kontraseptivlərin əlçatanlığını məhdudlaşdıran maneələr əksər ölkələrdə oxşardır: müasir kontraseptivlər barədə əhali arasında səhv fikirlər, səhiyyə işçiləri tərəfindən kontraseptivlərlə bağlı yanlış məlumatların yayılması, gender təsiri, cinsi həyatla bağlı cəmiyyətdə mövcud olan mədəni normalar, kontraseptivləri almaq imkanının və bazarda çeşidin məhdud olması. Tədqiqat nəticələrinin təhlili, həmçinin onu göstərdi ki, ölkələrdə reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyini əldə etmək üçün hökumət tərəfindən dəstəyə böyük ehtiyac var. T.Hüseynov Brüssel görüşündə tədqiqat nəticələrindən irəli gələn tövsiyələrin hökumətlərə, vətəndaş cəmiyyəti təşkilatlarına, özəl sektora, donorlara və digər maraqlı tərəflərə kontraseptiv vasitələrin təminatı təhlükəsizliyi üzrə fəaliyyətlərini əlaqələndirmək üçün çağırış olduğunu nəzərə çatdırdı.
Brüssel görüşündə iştirak etmiş Millət vəkili Məlahət İbrahim qızı həmin tədbirlə bağlı öz təəssüratlarını bildirdi. O qeyd etdi ki, görüşdə verilmiş tövsiyələr “Reproduktiv sağlamlıq haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapmışdır və həmin qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə edilmək üçün təqdim olunmuşdur.
Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması üzrə Milli Ofisin əməkdaşı Gülnarə Rzayeva “Azərbaycanda Ailə Planlaşdırılması sahəsində göstərilən xidmətlərin vəziyyəti” mövzusunda təqdimatla çıxış etdi. Məruzədə reproduktiv sağlamlığın qorunması üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, ana ölümü və bu ölümün bəzi səbəbləri barədə məlumat verildi.
“Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilmiş RS/AP üzrə layihələrdən əsas tövsiyələr” mövzusunda Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin rəhbər müavini Kəmalə Rəhimova məruzə etdi. Təqdimatda ölkədə reproduktiv sağlamlıq üzrə vəziyyətin analizi və tövsiyələr nəzərə çatdırıldı.
Dəyirmi masada daha sonra reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinə nail olmaq üçün işlənilmiş addımlara nəzər salındı, bu tədqiqatdan gözlənilən nəticələr barədə müzakirələr aparıldı. Belə ki, UNFPA-nın Qlobal proqramının planlarından söz açan BMT-nin Əhali Fondunun nümayəndəsi Fərid Babayev hazırda davranışların dəyişdirilməsində mühüm əhəmiyyət kəsb edən reproduktiv sağlamlıq üzrə kommunikasiya strategiyasının hazırlandığını bildirdi. Azərbaycanda ailə planlaşdırılması xidmətlərinin hələ aşağı səviyyədə olduğunu deyən məruzəçi nümunə üçün digər ölkələrin təcrübələrini misal çəkdi.
Millət vəkili İlham Məmmədov çıxışında maraqlı məqamlara toxundu: “Bu gün “reproduktiv sağlamlıq” termini hələ də əhali tərəfindən tam dərk olunmur”. “Reproduktiv sağlamlıq haqqında” Azərbaycan Respublikası qanununun qəbul olunmasının vacibliyini və bununla ailə planlaşdırılması sahəsində fəaliyyətin yekunlaşmadığını deyən millət vəkili xüsusilə televiziya, radio və digər kütləvi informasiya vasitələri ilə əhalinin maarifləndirilməsinin zəruriliyini vurğuladı.
Sonda iştirakçılar onları maraqlandıran məqamlarla bağlı öz fikirlərini söylədilər.