20 SENTYABR 2012
“Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları” mövzusunda jurnalistlər üçün brifinq keçirildi
2012-ci il sentyabrın 20-də Park İnn mehmanxanasının “Nəsimi” zalında “Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları” mövzusunda jurnalistlər üçün brifinq keçirildi. Brifinq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyəşdirildiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi tərəfindən təşkil olunub.
Görüşdə İSİM, USAİD, AbtAssociates, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Qeyri-infeksion xəstəliklərlə bağlı mövzunun aktuallığı və bu istiqamətdə İSİM tərəfindən keçirilmiş sorğu ilə əlaqədar brifinqin təşkil olunmasında məqsəd jurnalistlərin bu problemlə bağlı bilik səviyyələrinin artırılmasına və əhalinin sağlamlığı naminə kütləvi informasiya vasitələri ilə lazımi mesajların çatdırılmasına nail olmaqdır.
Tədbiri giriş sözü ilə açan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin rəhbər müavini Kəmalə Rəhimova mövzunun cəmiyyətimiz üçün əhəmiyyətindən söhbət açdı.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova “Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları” barədə təqdimat etdi. Məruzəçi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı və Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) ilə birgə İSİM tərəfindən 2011-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqat barədə məlumat verdi: “Araşdırmanın məqsədi qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin milli səviyyədə yayılmasını müəyyənləşdirmək və QİX-lərin qarşısının alınması və nəzarəti üzrə milli strategiyanın hazırlanması üçün əsas məlumatların toplanılmasıdır.”
Çıxış zamanı T.Cəmilova Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu ildə Azərbaycanda ölüm hallarının 80%-inin əsas 4 QİX-lə bağlı olduğunu bildirdi. Həmçinin ÜST-ün hesablamalarına görə, Avropada xəstəliklərdən ölüm göstəricisinin 86%-nin məhz QİX-lərin payına düşdüyünə diqqəti çəkdi.
Tədqiqatın əhəmiyyətini və araşdırma zamanı maraqlı nəticələrin əldə olunduğunu vurğulayan məruzəçi jurnalistləri qeyri-infeksion xəstəliklər haqqında qısa məlumatla tanış etdi. QİX problemi, qeyri-infeksion xəstəliklərin risk faktorları, bu faktorların araşdırılması, metodologiyası və təşkili, bu xəstəliklərlə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətindən söhbət açan T.Cəmilova tədqiqatın qeyri-infeksion xəstəliklərdən ən çox ölüm səbəbli və ümumi risk faktorları üzrə birləşən 4 qrup xəstəlik istiqamətində aparıldığını qeyd etdi. Təqdimat əsasında sorğunun keçirilmə səbəbləri, sorğu metodologiyası barədə ətraflı məlumat verildi. Araşdırmada iştirak etmiş insanların demoqrafik göstəriciləri, tütündən, alkoqollu içkilərdən istifadə səviyyəsi, qidalanması, fiziki fəallığı və risk faktorlarının cəmi nəzərə çatdırıldı. Məruzəçi sorğunun QİX-lərin risk amilləri üzrə etibarlı və davamlı məlumatların toplanması məqsədilə ÜST tərəfindən bu amillərin nəzarəti üçün hazırlanan STEPS yanaşması əsasında həyata keçirildiyini bildirdi. Məruzənin sonunda sorğunun nəticələri təqdim edildi.
Təqdimat ətrafında jurnalistlərin sualları cavablandırıldı.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova əhalinin maarifləndirməsi üçün Mərkəz tərəfindən hazırlanıb və çap edilən maarifləndirici nəşrlərdən söz açdı. Mövzu ilə əlaqədar İSİM-də hazırlanmış maarifləndirici bukletlər iştirakçılara paylanıldı.
Sonda “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda martda elan olunmuş jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı. Münsiflər heyətinin səs çoxluğunu qazanmış ilk 3 yerin sahibi mükafatlandırıldı.