• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

27 İYUN 2012

“Tütün və ya Sağlamlıq” üzrə 6-cı Beynəlxalq Konfransda Azərbaycan da təmsil olundu

2012-ci il iyunun 20-22-də Türkiyənin Ərzurum şəhərində Türkiyədə fəaliyyət göstərən Tütün və Səhiyyə üzrə Milli Komitə tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ərzurum Atatürk Universiteti və Türk Toraks Dərnəyinin (Türkiyə Ağciyər Cəmiyyəti) əməkdaşlığı ilə “Tütün və ya Sağlamlıq” üzrə 6-cı Beynəlxalq Konfrans keçirildi. İctimaiyyətin tütünsüz, sağlam dünyada yaşamasına nail olmaq üçün təcrübələrin bölüşdürülməsi və müzakirələrin aparılması məqsədini daşıyan, Türkiyə, Misir, İraq, İndoneziya və Qırğızıstan nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi.

Konfrans əsnasında T.Musayev yerli televiziyaya konfransın əhəmiyyəti barədə və Azərbaycanda aparılan tütünlə bağlı fəaliyyət haqqında müsahibə verdi. Eyni zamanda Ərzurumun cavabdeh məsul şəxslərilə birgə ölkə nümayəndələri tütünlə mübarizədə iştirak edən və tütündən azad olmaq istəyənlərə yardım edən qurum, təşkilat və mütəxəssislərlə görüşdülər, şəhərin müxtəlif kafe və restoranlarında, siqaretçəkmənin qadağan olunduğu qapalı yerlərdə Ərzurum rəsmiləri ilə təftişlərdə iştirak etdilər.

Konfransda tütün və ya sağlamlıq istiqamətində müxtəlif mövzularda məruzələr dinlənildi. “Qlobal tütünə nəzarət sistemi: tütün epidemiyasının monitorinqi və nəzarəti”, “Tütünün iqtisadi məsələləri və tütünə nəzarət (vergi, qiymətlər, qeyri-qanuni ticarət)”, “Səhiyyə siyasətinin tütün sənayesinin maraqlarından qorunması – “Tütünə qarşı mübarizə haqqında” ÜST-ün Çərçivə Konvensiyasının 5.3 maddəsi” üzrə təqdimatlar oldu.

Tütünün sağlamlığa təhlükəsi və bu təhlükənin aradan qaldırılması üçün görülən profilaktik tədbirlərdən söhbət açıldı. Eyni zamanda tütün məmulatlarının satışı və sağlamlıq məsələləri arasında münasibət fərqliliyi, tütün tüstüsündən azad olunmaya dair qanunvericiliyin tətbiqi problemlərinə nəzər yetirildi. Bu problemlərin həlli yolları müzakirə edildi.

Tütünçəkmədən imtina məsələlərinin inkişafı yönündə regionda geniş fəaliyyətin aparıldığını qeyd edən təmsilçilər tütündən zərərin azaldılmasında müalicə və ya sənaye taktikası barədə məlumat verdilər. Konfransda həmçinin tütün məmulatları qutularında məlumatlandırıcı yazıların, rəsmlərin təsvir olunmasının və bu çağırışların daima yeniləndirilməsinin əhalinin maarifləndirilməsinə xidmət edəcəyi vurğulandı. İnsan sağlamlığına olduqca mənfi təsir göstərən tütün məmulatlarından istifadənin aktiv tütünçəkmə ilə yanaşı, həm də passiv tütünçəkmə problemini yaratdığı bildirildi. Məhz buna görə ictimai yerlərdə, o cümlədən iş yerlərində tütünə nəzarətin gücləndirilməsinə diqqətin ayrılmasının zəruriliyi önə çəkildi. Qadın və gənclər arasında tütündən istifadənin səviyyəsi barədə fikir mübadiləsi iştirakçılarda maraq doğurdu.

Tütünə nəzarət sahəsində ictimai və sosial fəaliyyətin vacibliyindən söz açan ölkə nümayəndələri bu fəaliyyətin effektivliyinin təmin olunmasında kütləvi informasiya vasitələrinin rolundan bəhs etdilər. Tütünün zərərləri haqqında mediada mütəmadi maarifləndirici məqalələrin dərcinin, eləcə də ictimaiyyəti məlumatlandıran mesajların verilməsinin zəruriliyi bildirildi. Avropa regionunda, o cümlədən Türkiyədə tütünə nəzarət, tütün sənayesi və səhiyyə siyasəti barədə də fikirlər söylənildi.

Tütünçəkmənin böyük problem olduğu səsləndirilən konfransda yalnız birgə əməkdaşlıq və güc sayəsində çətinliklərin aradan qaldırılmasına nail olmanın mümkünlüyü bildirildi. Türkiyənin yaxın gələcəkdə Finlandiya və Yeni Zelandiya kimi tüstüsüz hava sahəsinə sahib ölkə olacağı fikri də səslənildi. Türkiyədə tütünlə mübarizə və tütünə nəzarət istiqamətində dövlətin, bir sıra təşkilat və institutların həyata keçirdiyi tədbirlərin təqdirəlayiq hal olduğu vurğulandı. Ölkədə tütünçəkmənin məhdudlaşdırılması məqsədilə uzunmüddətli müzakirələrin aparıldığı, ictimai nəqliyyat vasitələrində siqaretin qadağan olunması haqqında, daha sonra qapalı məkanlarda siqareti qadağan edən qanunun qəbul olunduğuna diqqət çəkildi. Türkiyənin tütünlə mübarizədə bir sıra nailiyyətlərə müvəffəq olunmasına baxmayaraq, fəaliyyətin dayanmadan inkişaf etdirilməsi nəzərə çatdırıldı. Ölkə çərçivəsindən çıxaraq, ümumiyyətlə Avropa regionunda davamlı işlərin görülməsi üçün gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı.