14 İYUN 2012
14 iyun – Ümumdünya Qan Donoru Günüdür
2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb. Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, ÜST, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir.
Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir.
Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ““2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilib. Qan donorluğu ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhalinin maarifləndirilməsi üçün “Qan ver, Həyat bəxş et!” adlı plakat hazırlanıb və çap edilib. Bu plakatda qeyd olunmuş “907” qaynar xətt nömrəsinə donor olmaq istəyən hər bir kəs müraciət edə bilər. Həmçinin hazırda qan donoru mövzusunda video-çarxın çəkilməsi istiqamətində fəaliyyət aparılır.
Lakin donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyi deyil, müxtəlif hökumət və qeyri-hökumət qurumları, mütəxəssislər, kütləvi informasiya vasitələri öz töhfəsini verməlidir. 14 iyunun Ümumdünya Qan Donoru Günü kimi qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.