5 APREL 2012
İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ilkin səhiyyə xidmətləri səviyyəsində fəaliyyət göstərən həkimlər üçün hazırlanmış “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol” Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildi.
“Tütünçəkmədən imtina etmə üzrə klinik protokol” ilk növbədə tütündən asılılıq və tütündən istifadənin dayandırılması ilə bağlı tələbatın azaldılması və tütünlə daha geniş mübarizə vasitələrinin mühüm bir hissəsidir.
Belə ki, 174 dünya ölkəsi sırasında Azərbaycan da 2005-ci ildə Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasına qoşularaq tütün epidemiyasına qarşı mübarizə aparmaqla əhalinin sağlamlığının qorunmasını öhdəsinə götürmüşdür. Konvensiyanın 14-cü Maddəsi bildirir ki, “hər bir Tərəf ölkə milli şəraitlər və prioritetlər nəzərə alınmaqla elmi məlumatlara və daha yaxşı təcrübəyə əsaslanmış lazımi, hərtərəfli və kompleks rəhbər prinsipləri işləyib hazırlayır və yayır və tütündən istifadənin dayandırılmasına kömək və tütündən asılılığın adekvat müalicəsinin təmin olunması üçün effektiv tədbirlər görür”. Tütün epidemiyası ilə mübarizəyə dair ÜST-nin MPOWER adlı tədbirlər kompleksinə aid altı strategiyadan biri məhz tütündən istifadənin dayandırılması məqsədi ilə insanlara kömək etməyin zəruriliyini vurğulayır.
Dünya tədqiqatları göstərir ki, bütün ölüm hallarının 63%-i qeyri-infeksion xəstəliklərin payına düşür və yüksək qan təzyiqindən sonra 2-ci yerdə dayanan tütün tüstüsünün təsiri səbəbindən baş verir. Tütün epidemiyası hal-hazırda ağciyərlərin xərçəngi, ürək xəstəlikləri və digər xəstəliklər səbəbindən hər il təxminən 6 milyon insanın həyatına son qoyur. 21-ci əsrdə isə tütünçəkmə və tütün tüstüsünün çirkləndirdiyi hava ilə nəfəs alma nəticəsində yaranan xəstəlik və hallar səbəbindən 1 milyard insanın vəfatı gözlənilir. Tütün epidemiyasının qarşısı alınmazsa, 2030-cu ilədək bu rəqəm səkkiz milyona çatacağı proqnozlaşdırılır.
“Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”un məqsədi əhaliyə tütünçəkmədən azad olmaq üçün ilkin səhiyyə xidmətləri səviyyəsində model yaratmaqla, tütünçəkən insanların səhhətində ağır nəticələrə gətirib çıxaran zərərli vərdişi tərgitməyə kömək göstərmək, tütünçəkmə nəticəsində insanlarda xəstələnmə hallarının, ağır fəsadların qarşısının alınması və beləliklə, ölüm hallarının azaldılması, həyat keyfiyyətinin artırılmasıdır. Nikotindən asılı olan şəxslər tütün epidemiyasının qurbanlarıdırlar. Dünyada aparılan araşdırmalar göstərir ki, siqaretin təhlükəsindən agah olan siqaret çəkənlərin 75%-i bu vərdişdən imtina etmək istəyir. Bağlılıq yaradan istənilən narkotik vasitələrdən asılı şəxslər kimi, tütündən istifadə edənlərin də əksəriyyəti müstəqil surətdə tütündən imtina edə bilmir, bu bağlılıqdan azad olmaq üçün kömək və dəstəkdən istifadə etməyə çalışır.
Ümumiyyətlə isə tütündən istifadənin dayandırılması tədbirləri üç istiqaməti nəzərdə tutur: ilkin tibbi-sanitariya yardımı çərçivəsində tütün istifadəsini dayandırmağa dair məsləhətlər; siqareti atmaq istəyən şəxslərə əlçatan və pulsuz telefon yardımı xidməti; baha olmayan dərmanlarla müalicədən istifadə. Hazırki “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol” məhz ilkin səhiyyə xidmətləri səviyyəsində fəaliyyət göstərən həkimlər (terapevtlər, pediatrlar, ailə həkimləri, psixoterapevtlər, pulmonoloqlar, mama-ginekoloqlar, əczaçılar və s.) üçün nəzərdə tutulmuşdur.
Klinik protokol tütünçəkmədən imtina etmə zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə mütəxəssisə kömək edən tövsiyələr toplusudur. Onun tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə tütünçəkmədən imtina etmə üzrə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol” həkimlərə seçim imkanı verir və hər hansı vəziyyətdə istiqamətverici rol oynayır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında 2009-cu ildə “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”un hazırlanması üçün İSİM-də tərtibçi ekspert qrupu təşkil edilmişdir. “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”un səmərəliliyini təmin edən əsas cəhət, onun tərtib edilməsinin sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır, yəni mövcud olan ən keyfiyyətli klinik tədqiqatların təqdim etdiyi ən etibarlı sübutlardan istifadə olunmasıdır. Protokolun hazırlanması gedişində İSİM-in tərtibçi ekspert qrupu tütünlə mübarizə və tütünçəkmədən imtinaya yardım üzrə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Türkiyəyə səfər də etmişdir.
Tütündən asılılığın müalicəsinə və tütündən istifadənin dayandırılması ilə bağlı tələbatın azaldılmasına yönəldilmiş bu klinik protokol 2012-ci il fevralın 27-də Səhiyyə Nazirliyi Kollegiyasının 05 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin klinik protokolla burada tanış olmaq olar.
Beləliklə, Azərbaycanda səhiyyə mütəxəssisləri tütün epidemiyası ilə mübarizənin ön cəbhəsində olmaqla, minlərlə insana davranışlarını dəyişməkdə yardım edə və son nəticədə vaxtından əvvəl ölümdən xilas edə bilərlər.