3 APREL 2012
İSİM-də “Ana və uşaq sağlamlığına inteqrasiya proqramı” (MCHİP) çərçivəsində hazırlanmış tədris videomateriallarının təqdimatı oldu
“Ana və uşaq sağlamlığına inteqrasiya proqramı”nın əsasında yüksək dərəcədə sübutlu materialların ana və uşaq sağlamlığına müdaxiləsinin seçimi, bununla da ana və uşaq ölümünün səviyyəsinin azaldılması, nəticədə minilliyin inkişaf məqsədlərinə nail olunması dayanır.
2012-ci il aprelin 3-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Ana və uşaq sağlamlığına inteqrasiya proqramı” (MCHİP) çərçivəsində hazırlanmış tədris videomateriallarının təqdimatı oldu. Tədbirdə Səhiyyə Nazirliyi, İSİM, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Respublika Perinatal Mərkəzi, Azərbaycan Tibb Universiteti, “Save the Children”, AbtAssociates, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), BMT-nin Uşaq Fondunun məsul işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov klinik protokollar üzrə tədris videomateriallarının çəkilişinin başa çatdığını bildirdi. Direktor bu yeni formatda olan tədris videomateriallarının Azərbaycanda ilk dəfə hazırlandığını və bu fəaliyyətin vacibliyini vurğuladı. Həmçinin tədris videomateriallarının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Sağlam yenidoğulmuşa qulluq” və “Yenidoğulmuşların ilkin reanimasiyası” üzrə klinik protokolların tətbiqinin təkmilləşdirilməsi məqsədilə İSİM və “Save the Children” təşkilatının birgə əməkdaşlığı sayəsində ərsəyə gətirildiyi diqqətə çatdırıldı. C.Məmmədov təlim-tədris materiallarının məhz sübutlu təbabətə əsaslanan klinik protokollar üzrə hazırlandığı üçün daha əhəmiyyətli olduğunu bildirdi.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Save the Children” tərəfindən həyata keçirilən “Ana və uşaq sağlamlığına inteqrasiya proqramı” haqqında bəhs edən Nərgiz Səfərəliyeva klinik protokollara əsaslanaraq doğuşa yardım edən peşəkarlar üçün hazırlanmış bacarıq əsaslı təlim-tədris materiallarından söhbət açdı.
Daha sonra görüş iştirakçılarına klinik protokollar əsasında tərtib edilmiş müəllimlər üçün dərsliklər paylanıldı. “Ana və uşaq sağlamlığına inteqrasiya proqramı” çərçivəsində hazırlanmış tədris videomaterialları nümayiş edildi. Təqdim olunan tədris videomaterialları ətrafında fikir mübadiləsi aparıldı.
Ə.Əliyev ad. ADHTİ-nin rektoru Sənan Kərimov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva və K.Fərəcova ad. Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev tərtib edilmiş tədris materiallarının əhəmiyyətini qeyd edərək, bu vəsaitlərin müəllim və tələbə heyəti üçün çox dəyərli olduğunu vurğuladılar.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin əməkdaşı Elmira Əliyeva və BMT-nin Uşaq Fondunun Səhiyyə Proqramının rəhbəri Təhminə Tağızadə çıxış edərək təklif və tövsiyələrini bildirdilər. Klinik protokollar əsasında təlim-tədris materiallarının hazırlanması təcrübəsinin artıq yarandığını təqdirəlayiq hal hesab edən məruzəçilər bu tədbirlərin həyata keçirilməsində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin uğurlu fəaliyyətindən bəhs etdilər.
Beynəlxalq ekspert İren Zaxareye Azərbaycanda belə təcrübənin formalaşmasını ictimai səhiyyənin inkişafına verilən töhfə kimi dəyərləndirdi. Həmçinin sübutlu təbabətə əsaslanan klinik protokollar əsasında təlim-tədris materiallarının hazırlanmasının gələcəkdə ana və uşaq ölümünün səviyyəsinin azaldılmasına xidmət edəcəyinin zəruriliyindən bəhs edildi.
Görülən fəaliyyətin ümumilikdə Azərbaycanda səhiyyənin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində uğurlu addım olduğu vurğulandı.