27 MART 2012
Tütün və ya Sağlamlıq üzrə 15-ci Dünya Konfransında Azərbaycan da iştirak etdi
Tütün və ya Sağlamlıq üzrə Dünya Konfransı tütünə nəzarətlə bağlı beynəlxalq konfransdır. 3 ildən bir keçirilən konfrans 100-dən çox ölkədən akademikləri, səhiyyə mütəxəssislərini, qeyri-hökumət təşkilatlarının nümayəndələrini və ictimai rəsmiləri əməkdaşlığa dəvət edir. Toplantının keçirilməsində məqsəd tütünə nəzarət istiqamətində yerli, regional və beynəlxalq əməkdaşlığı yaratmaqdır. Bu əməkdaşlıq dövlətlər və ya regionlar üçün eyni olan problemlərin müzakirəsini həyata keçirməklə beynəlxalq tütünə nəzarət şəbəkəsini möhkəmləndirməyə xidmət edir. Tütün və ya Sağlamlıq üzrə 15-ci Dünya Konfransının mövzusu “Tütündən azad dünya: Qlobal planlaşdırma, yerli fəaliyyət”dir. Maliyyə donorluğu və texniki dəstəyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən konfrans 2012-ci ildə Sinqapurun Səhiyyə Nazirliyi tərəfindən təşkil olunub. Konfransın vəzifələrinə tütünə nəzarətlə bağlı beynəlxalq informasiya mübadiləsi aparmaq, nailiyyətləri və problemləri bölüşmək, müxtəlif mədəni və iqtisadi inkişaf səviyyəsi olan dövlətlərin bilik və təcrübəsini paylaşmaq daxildir.
2012-ci il martın 20-24-də Sinqapurda növbəti Tütün və ya Sağlamlıq üzrə Dünya Konfransı keçirildi. 15-ci dəfə baş tutan konfransda Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev iştirak etdi.
Konfransın açılışında ictimai səhiyyə üçün ən təhlükəli epidemiya sayılan tütündən hər il dünyada təxminən 6 milyona yaxın insanın öldüyü vurğulandı. Bu baxımdan tütünə nəzarətin ümumdünya səhiyyəsi qarşısında dayanan ən vacib prioritetlərdən biri olduğu diqqətə çatdırıldı.
Toplantıda həmçinin “Tütündən imtinaya yardım”, “Kütləvi informasiya vasitələri və tütün”, “Tütün iqtisadiyyatı və tütündən gələn gəlirlər”, “Tütünə nəzarət”, “Tütünə nəzarətlə bağlı KİV kampaniyaları”, “Tütünə nəzarət siyasəti”, “Tütünə nəzarətdə qadın rəhbərliyi” mövzularında təqdimatlar oldu. Panel müzakirədə tütün tüstüsünün insanlara təsiri, tütünə nəzarət qanunvericiliyinə və siyasətinə dəyişiklikdə sivil cəmiyyətin rolu barədə maraqlı fikir mübadiləsi aparıldı.
Ölkə nümayəndələri konfrans ərzində plenar iclaslarda, simpoziumlarda və müzakirələrdə iştirak etdilər, yeni bacarıqlara yiyələndilər. İştirakçılar həmçinin təmsil etdikləri ölkələrin təcrübəsini bölüşdülər, tütünə nəzarət istiqamətində aparılmış tədqiqatlardan bəhs etdilər.