11 YANVAR 2012
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2012-ci il yanvarın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, BMT-nin Uşaq Fondu, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, “Save the Children”, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Nümayəndələr təmsil etdikləri qurumların hazırkı fəaliyyəti barədə qısa məlumat verdilər. Eyni zamanda növbəti aylar üçün planlaşdırılmış işlərdən söhbət açdılar.
Toplantıda Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Səhiyyə proqramının direktoru Leyla İmanova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Şahin Hacıyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova, “Save the Children” təşkilatının əməkdaşı Nərgiz Səfərəliyeva, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin layihə üzrə assistenti Sevil Qəmbərova və başqaları çıxış etdilər.
Ötən il ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verən İSİM-in direktoru Ceyhun Məmmədov ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs etdi. Çıxışda Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə məlumatların elektron bazaya daxil edildiyindən söhbət açıldı və aprelə kimi bu prosesin başa çatacağı bildirildi. C.Məmmədov Səhiyyə Nazirliyi tərəfindən yekun kollegiyada 2 klinik protokolun təsdiqləndiyini, digər klinik protokollar üzərində isə işlərin davam etdiyini nəzərə çatdırdı. Direktor həmçinin çap olunacaq qan donorluğu ilə bağlı plakat haqqında məlumat verdi və bu plakatda qeyd olunacaq “907” qaynar xətt nömrəsini xüsusilə vurğuladı.
AbtAssociates təşkilatının layihə rəhbərinin müavini Kəmalə Süleymanova “Azərbaycanda səhiyyənin gücləndirilməsi layihəsi” haqqında təqdimatla çıxış etdi. K.Süleymanova layihənin Bakı, Gəncə, Abşeron, Ağdaş, İsmayıllı, Qəbələ, Qax, Şəki və Zaqatalanı əhatə edəcəyini qeyd etdi. Həmçinin layihənin ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən “İlkin Səhiyyə Xidmətinin gücləndirilməsi” layihəsinin davamı və daha geniş forması kimi həyata keçirildiyi diqqətə çatdırıldı. Daha sonra K.Süleymanova layihənin fəaliyyət istiqamətlərindən bəhs etdi.
Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.