14 DEKABR 2011
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2011-ci il dekabrın 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Mərkəzi Qan Bankı, Respublika QİÇS-lə Mübarizə Mərkəzi,Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, QİÇS-lə Mübarizə İctimai Birliyi, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Nümayəndələr təmsil etdikləri qurumların hazırkı fəaliyyətindən və planlaşdırılmış işlərdən söhbət açdılar.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və Qayğı Şöbəsinin müdiri Mətanət Qaraxanova dekabrın 2-də Qızıl Aypara Cəmiyyəti tərəfindən keçirilmiş QİÇS-ə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunan tədbirdən bəhs etdi.
AbtAssociates təşkilatının layihə rəhbərinin müavini Kəmalə Rəhimova qeyd etdi ki, artıq təşkilatın iş planı tərtib olunub və hal-hazırda donorla müzakirə mərhələsindədir.
ÜST-ün koordinatoru Samir Mehdiyev ÜST və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq sazişi əsasında həyata keçirilən fəaliyyətdən söz açdı. O qeyd etdi ki, dekabr ayında bu sazişin müddəti bitir və bu mərhələdə gələn il üçün nəzərdə tutulan sazişin müzakirələri aparılır.
QİÇS-lə Mübarizə İctimai Birliyi təşkilatının koordinatoru Ehtiram Paşayev təşkilat haqqında hazırladığı təqdimatla çıxış etdi. Çıxışda E. Paşayev QİÇS-lə Mübarizə İctimai Birliyi təşkilatının missiyası, əməkdaşlıq etdiyi yerli və beynəlxalq təşkilatlar, keçirilən tədbirlər barədə məlumat verdi.
Ötən aylar ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verən İSİM-in direktorun birinci müavini Rauf Məmmədov ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs etdi. R.Məmmədov 2011-ci il dekabrın 1-də İSİM-də Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş aksiya keçirildiyini qeyd etdi. Çıxışda İSİM-də dekabrın 1-dən etibarən keçirilən “Vətəndaşların Elektron sağlamlıq kartı” sistemindəki stasionardan çıxışının statistik kartası altsistemin tətbiqi, dekabrın 5-dən “Elektron əmr” sisteminin tətbiqi üzrə təlim keçirildiyi diqqətə çatdırıldı.
Sonda maraqlı suallar ətrafında müzakirələr aparıldı.Növbəti təşkilatlararası iclas 2012-ci il yanvarın 11-də keçiriləcəkdir.