2 NOYABR 2011
İSİM-də Uşaq və Yeniyetmələrin Sağlamlığı və İnkişafına dair Strategiyaya həsr olunmuş milli seminar keçirildi
2011-ci il noyabrın 1-2-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Uşaq və Yeniyetmələrin Sağlamlığı və İnkişafına dair Strategiyaya həsr olunmuş milli seminar keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi və İSİM-in təşkilatçılığı ilə həyata keçirilən seminarda Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İSİM, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu, AbtAssociates, UAFA, eləcə də başqa beynəlxalq və yerli QHT-lərin nümayəndələri iştirak etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq, seminarın vəzifələrini diqqətə çatdırdı. Uşaq və Yeniyetmələrin Sağlamlığı və İnkişafına dair Avropa Strategiyasının 2003-cü ildə qəbul olunduğunu bildirən direktor bu strategiyanın Azərbaycanda tətbiqi barədə düşünməyin zamanı olduğunu vurğuladı. 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan olduğunu xatırladan C.Məmmədov uşaqların, eləcə də yeniyetmələrin sağlamlığı və inkişafı naminə dövlət tərəfindən atılan addımlardan bəhs etdi. Bu istiqamətdə İSİM-in digər əməkdaş təşkilatlarla birgə həyata keçirdiyi layihələrdən söhbət açdı.
“Uşaq və Yeniyetmələrin Sağlamlığı və İnkişafına dair Avropa Strategiyası və strateji alətlər: Qiymətləndirmə, Məlumat, Fəaliyyətlər və Gender” mövzusunda məruzə ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun koordinatoru Aygül Kuttumuratova çıxış etdi. Məruzədə Uşaq və Yeniyetmələrin Sağlamlığı və İnkişafına dair Avropa Strategiyasının əsas prinsipləri, fəaliyyət istiqamətləri barədə məlumat verildi. Eyni zamanda strategiyanın özündə birləşdirdiyi alətlərdən də bəhs edildi.
Daha sonra ÜST-ün texniki dəstəyi ilə İSİM tərəfindən hazırlanan “Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlığı üzrə vəziyyətin təhlili, strategiyalar, siyasət”lə bağlı Mərkəzin konsultantı Nərmin Əfəndiyevanın hesabat məruzəsi dinlənildi. Çıxışda “Azərbaycan Respublikasında uşaq və yeniyetmələrin sağlamlığının qiymətləndirilməsi”nin Uşaq və yeniyetmələrin sağlamlığı və inkişafı üzrə Avropa strategiyasının Qiymətləndirmə alətinə əsaslandığı bildirildi. N.Əfəndiyeva hesabatın Üzv Ölkələrin uşaq və yeniyetmələrin sağlamlığına və onların gələcək inkişaf imkanlarına aid edilən hazırki siyasi sənədlərin auditinin həyata keçirilməsi üçün hazırlandığını iştirakçıların nəzərinə çatdırdı. Çıxışda hesabatın “Coğrafiya və sosial demoqrafiya”, “Hüquqi çərçivə”, “Səhiyyə sisteminin strukturu”, “İctimai Səhiyyədə siyasi sənədlərin hazırlanması və həyata keçirilməsi”, “Səhiyyə xidmətləri”, “Gender siyasətinə görə ölkədə olan vəziyyət”, “İctimai Səhiyyədə Siyasət təşəbbüsləri”, “Uşaq və yeniyetmələrin sağlamlığı rəqəmlərlə” bölmələri haqqında geniş məlumat verildi.
AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Aidə Yolçuyeva “Uşaqların sağlamlığı və inkişafı” mövzusunda çıxış etdi. Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq sağlamlığının qorunması istiqamətində görülən işlərdən bəhs edildi.
AR Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin aparıcı məsləhətçisi Maral Salmanova Uşaq və gənclərin sağlamlığının qorunması və onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində Təhsil Nazirliyinin gördüyü işlərdən bəhs etdi. Təhsil Nazirliyinin Səhiyyə Nazirliyi ilə birgə bu yöndə respublikada keçirdiyi müvafiq layihələri barədə məlumat iştirakçıların nəzərinə çatdırıldı.
Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov “Sağlamlıq imkanları məhdud uşaqların təhsili və inkişafı” mövzusunda təqdimat etdi. Məruzədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara, “Təhsil haqqında” qanuna, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı Azərbaycanda mövcud vəziyyətə nəzər yetirildi. O cümlədən iştirakçılar “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı”nın vəzifələri, bu proqram çərçivəsində görülmüş işlər, de-institutlaşma siyasətinin tətbiqi barədə məlumatlandırıldılar.
BMT-nin Uşaq Fondunun Səhiyyə Proqramının rəhbəri Təhminə Tağızadə “Səhiyyə üzrə Proqram (2011-2015)” barədə məlumat verdi.
Ümumdünya Səhiyyə Təşkilatının Ana və Uşaq Sağlamlığı üzrə Əməkdaşlıq Mərkəzinin müvəqqəti məsləhətçisi Giorgio Tamburlini 2 mövzu – “Uşaq və yeniyetmələrin sağlamlığının yaxşılaşdırılmasında Səhiyyə Sisteminin effektivliyinin qiymətləndirilməsi” və “Uşaq və yeniyetmələrin sağlamlığına dair strategiyanın hazırlanması prosesi, icrası və buna nəzarət” üzrə təqdimat etdi.
Daha sonra Səhiyyə Sistemlərinin Uşaq və Yeniyetmələrin sağlamlığı yönümündə Qiymətləndirilməsi üzrə alət təqdim edildi. Bu alətin üzv ölkələrə hazırda davam edən səhiyyə islahatları çərçivəsində ana, yenidoğulmuş körpə, uşaq və yeniyetmələrin sağlamlığını yaxşılaşdırmaq istiqamətində səylərini gücləndirməkdə yardım məqsədilə hazırlandığı diqqətə çatdırıldı. Eləcə də bu alətin qiymətləndirmə və planlaşdırma üzrə tapşırıqların hazırlanmasına istiqamət vermək məqsədilə milli və yaxud yerli səviyyədə istifadə üçün nəzərdə tutulduğu bildirildi.
Səhiyyə Sistemlərinin qiymətləndirilməsi aləti üzrə qrup işində boşluqlar aşkarlandı, ehtiyaclar və prioritetlər müəyyənləşdirildi.
Plenar iclasda qrup işinin təqdimatı oldu. Təqdimat əsasında müzakirələr aparıldı.
Sonda nəticə və növbəti addımlardan bəhs edildi.