• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

28 İYUN 2011

“Ətraf mühit faktorlarının insan sağlamlığına təsiri” mövzusunda Dəyirmi Masa keçirildi

İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir.

2011-ci il iyunun 28-də “Hyatt Regency” mehmanxanasının “Şuşa” zalında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə “Ətraf mühit faktorlarının insan sağlamlığına təsiri” mövzusunda Dəyirmi Masa keçirildi. Tədbirdə yerli hökumət və qeyri-hökumət orqanlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələrindən ibarət qrup iştirak etdi. Toplantını giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov vurğuladı ki, “ətraf mühit insan orqanizminin sağlamlığına daim təsir edir. Bizim fərdi sağlamlığımız əsasən ehtiyatlı davranışdan, irsiyyətdən, fəaliyyətimizdən, ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sanitariya yardımının əlçatanlığından asılıdırsa, əhalinin davamlı sağlamlığı üçün biosferin “sağlam” olması zəruridir.”

Məruzə əsnasında açıq və qapalı yerlərdə çirklənmiş havanın, suyun, qeyri-adekvat sanitar qaydalarının, qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsilə xəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amilləri olduğu diqqətə çatdırıldı. Orqanizmə mənfi təsir göstərən amillərlə mübarizə istiqamətində ictimai səhiyyənin bir sıra hədəf və vəzifələrini sadalayan C.Məmmədov ekoloji problemlərin ictimai səhiyyənin əsas həll etməli olduğu vacib məsələlərdən olduğunu qeyd etdi: “Bu gün ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ətraf mühitlə bağlı qəbul olunmuş bir sıra qanunlar, reallaşan dövlət proqramları və layihələr ətraf mühitin daha da sağlamlaşdırılması üçün böyük imkanlar açır. Bununla yanaşı, Azərbaycan Respublikası bu günə kimi bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq protokollar imzalamışdır. Nailiyyətlərə baxmayaraq, görüləcək işlər hələ də mövcuddur.”

“Ətraf mühit – davamlı inkişaf üçün əlaqələrin idarə edilməsi” mövzusunda təqdimatla BMT-nin Ətraf Mühit Proqramının meneceri Mahir Əliyev çıxış etdi: “Dünyada sərt iqlim dəyişməsi, yeni fəlakətlər, yeni xəstəliklərin əmələ gəlməsi ətraf mühit sağlamlığı üçün ciddi xəbərdarlıqdır. Bunu nəzərə alaraq, müvafiq təşkilatlar tərəfindən mütəmadi tədbirlər görülür. Problemlərin həlli yolunda bu cür görüşlərin keçirilməsi olduqca vacibdir.”

BMT-nin İnkişaf Proqramının proqram üzrə məsləhətçisi Vüqar Allahverdiyev “Ətraf mühit və sağlamlıq: BMT-nin İnkişaf Proqramının rolu” mövzusunda məruzə etdi. Çıxışda ətraf mühitlə sağlamlığın əlaqəsi, BMT-nin İnkişaf Proqramının bu sahədə rolu, Minilliyin İnkişaf Məqsədlərinin ətraf mühit və sağlamlıqla bağlı əsas hədəfləri, Azərbaycanın beynəlxalq ekoloji öhdəlikləri, eko-sistemlərin deqradasiyası, iqlim dəyişmələrinin sağlamlığa təsiri barədə söhbət açıldı.

“Ətraf mühit və qeyri-yoluxucu xəstəliklər” haqqında təqdimatla Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin Qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədova məruzə etdi. Xəstəliklərin 25%-dən çoxunun ekoloji faktorlar səbəbindən yarandığını qeyd edən S.Əsədova dayanıqlı ətraf mühiti yaratmaqla, xəstəliklərin qarşısının alınması yolları barədə iştirakçıları məlumatlandırdı: “Evdə və iş yerlərində passiv tütünçəkmə ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən ciddi problemdir. Bu problemlə də mübarizə aparılmalıdır.”

“İctimai səhiyyə və ekoloji sağlamlıq” mövzusunda İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin əməkdaşı Əsvəd Qabulzadə təqdimat etdi. Əhalinin sağlamlığını qiymətləndirməyin ictimai səhiyyənin əsas funksiyası olduğunu bildirən Ə.Qabulzadə ekoloji təhlükələrin insan sağlamlığına birbaşa və dolayı təsirlərindən bəhs etdi: “İctimai Səhiyyə əhalidə olan qısa və uzunmüddətli meylləri müşahidə etməyə imkan yaradır. Beləliklə də cəmiyyətin birgə səylərini təşkil edir, xəstəliklərin qarşısını almağa yönəlir və sağlam həyat tərzini təşviq edir.”

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “İqlimin dəyişməsi və sağlamlıq: təhlükələr və cavab tədbirləri” üzrə məruzə etdi. Təqdimatda iqlimin dəyişməsinin insanların sağlamlığına təsir faktorları, eyni zamanda insanların iqlimə təsiri, qlobal istiləşmə, ozon təbəqəsinin tükənməsinin, ultrabənövşəyi şüalanmanın və parnik effektinin insanların sağlamlığına ziyanı barədə söhbət açdı. Çıxışda həmçinin son vaxtlar daha qlobal problemə çevrilən təbii fəlakətlərin insan ölümünün əsas səbəblərindən olduğu diqqətə çatdırıldı. İştirakçılar ictimai səhiyyənin prioritet məqsədi kimi, iqlimin dəyişməsilə bağlı hədəflər, vəzifələr və təkliflər haqqında məlumatlandırıldı.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev tədbirin əhəmiyyətli mövzuya həsr edildiyini vurğuladı: “Ətraf mühitin sağlamlığı haqqında qanunların qəbulu bu sahədə fəaliyyətin təqdirəlayiqidir və gələcəkdə də lazımi tədbirlər görüləcəkdir.”

“Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiətin mühafizə siyasəti şöbəsinin müdir müavini İmran Əbdulov çıxış etdi: “Hər hansı ölkədə düzgün ekoloji siyasət qurularsa və bu siyasətin həyata keçirilməsi üçün şərait olarsa, ətraf mühitin qorunması işi inkişaf edər. Azərbaycanda bu məsələ daha qabarıq forma alıb. 2010-cu ilin “Ekologiya ili” elan edilməsi də buna dəlalət edir.”

“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin Ətraf Mühitin Mühafizəsi şöbəsinin rəisi Rauf Muradov “Təmiz Şəhər” ASC: görülmüş işlər və gələcək planlar və onların insan sağlamlığına müsbət təsirləri haqqında söhbət açdı. “Təmiz Şəhər” ASC-in Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən yaradıldığını bildirən R.Muradov Cəmiyyətin vəzifələrindən, müasir standartlara uyğun fəaliyyətin təşkilindən və idarə edilməsindən danışdı. Təqdimatda Balaxanı poliqonunda aparılan reabilitasiya işləri, “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” Layihəsi və ictimai təbliğat kampaniyalarından da söhbət açıldı.

Millət vəkili İlham Məmmədov ölkəmizin qlobal səviyyədə bir sıra işlər gördüyünü bildirdi: “Ətraf mühitin və insan sağlamlığının qorunmasında davranışların da dəyişdirilməsi vacibdir. Əhalinin maarifləndirilməsi prosesi mütləq davam etdirilməlidir.”

Dəyirmi masanın sonunda maraqlı suallar ətrafında müzakirə aparıldı və iştirakçılara İSİM-də hazırlanmış “İqlimin dəyişməsi və insan sağlamlığı üçün təhlükələri barədə 10 fakt” adlı buklet təqdim olundu.