29 İYUN 2011
İSİM-də Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə təlimə start verildi
2011-ci il iyunun 29-dan etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) üzrə təlimə start verildi. Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov Demoqrafiya və Sağlamlıq Sorğusunun “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına (2008-2010-cu illər) əsaslanaraq, Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn, xüsusilə də ana və beş yaşadək uşaq ölümünün azaldılması üzrə vəzifələri nəzərə alaraq 2011-ci ildə həyata keçirildiyini bildirdi. DSS-in əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, eləcə də təhlili üçün zəruri məlumatların toplanılması məqsədini daşıdığını qeyd edən direktor sorğunun aparılmasının Səhiyyə Nazirliyinin əmrilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırıldığını vurğuladı.
İSİM-in “Səhiyyə siyasəti və islahatlar” şöbəsinin müdiri və eyni zamanda DSS-2011-in koordinatoru Töhfə Cəmilova Sorğunun Azərbaycanda keçirilməsindən və məqsədlərindən danışdı. Çıxışda təlimin 12 gün davam edəcəyi və əlavə 4 gün də sahə təliminin keçiriləcəyi barədə məlumat verildi. Belə ki, sahə təlimi seçməyə düşməyən 2 şəhər və 2 kənd klasterində aparılacaq. Sorğu vərəqələri, intervüyerlər, supervayzerlər, laborantlar üçün təlimat, sorğu vərəqələri üzrə intervüyerlər üçün testlər və psixoloji testlər hazırlanıb. Eləcə də Pilot Sorğunun 72 iştirakçısı elan verildikdən sonra müraciət etmiş namizədlər sırasından müsahibə yolu ilə seçilib. T.Cəmilova bir neçə testin nəticəsinə və təlim zamanı özünü göstərmə bacarığına əsaslanaraq, 72 nəfərdən 60 nəfərin sorğuda iştirak üçün seçiləcəyini vurğuladı. Səyyar sorğu işlərinin isə avqust-oktyabr aylarında aparılmasının nəzərdə tutulduğu diqqətə çatdırıldı.
İyulun 12-dək davam edəcək təlim əsnasında intervüyerlərə DSS-in icmalı, layihənin məqsəd və vəzifələri, administrativ məsələlər, təlimin qaydaları, təlimatdan istifadə etmək üsulları barədə məlumat verilir. Həmçinin intervünün aparılma qaydaları ilə tanış olan iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılır.