11 MAY 2011
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2011-ci il mayın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İSİM, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, “Save the Children”, AbtAssociates, ADRA kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Yerli və beynəlxalq təşkilatların nümayəndələri təmsil etdikləri qurumların hazırki fəaliyyətindən söhbət açdılar. Həmçinin növbəti ay üçün planlaşdırılmış işlərdən bəhs edildi.
SN-in Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun direktorun muavini İsa Əliyev Layihənin İcra Qrupu ilə ÜST-ün birgə işi – Səhiyyənin işinin qiymətləndirilməsi üzrə hesabatın hazır olduğunu, dərmanların təchizatının yaxşılaşdırılması ilə bağlı işlərin davam etdirildiyini vurğuladı. O cümlədən səhiyyənin vahid informasiyalaşdırılması istiqamətində tədbirlərin görüldüyünü də bildirdi. Məruzədə səhiyyə infrastrukturu və işçi qüvvəsinin təkmilləşdirilməsi üçün Azərbaycana beynəlxalq ekspertin dəvət olunduğu nəzərə çatdırıldı. Ailə təbabəti üzrə təlimlərin keçirildiyini vurğulayan İ.Əliyev səhiyyə mütəxəssislərinin sertifikasiyası ilə bağlı maarifləndirmə məqsədi daşıyan informasiya portalının yaradılmasının nəzərdə tutulduğu barədə iştirakçıları məlumatlandırdı.
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun İctimai səhiyyə proqramının assistenti İlhamə Mövsümova vətəndaş cəmiyyətinin iştirakının artırılması istiqamətində təşkilatın gördüyü işlərdən bəhs etdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı Şöbəsinin müdiri Mətanət Qaraxanova 8 May – “Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü” münasibətilə 2 qanvermə aksiyasının keçirildiyini vurğuladı. Eyni zamanda Xırdalan şəhərinin Masazır qəsəbəsində yerləşən 126 saylı Kəlbəcər tam orta məktəbində Sağlam Həyat tərzi mövzusuna dair görüş keçirildiyini bildirdi. Cəmiyyətin “Sağlam həyat tərzi” mövzusunda maarifləndirmə sahəsində aparılan fəaliyyətlərin davam etdirildiyi barədə məlumat verildi.
“Save the Children” təşkilatının Proqram koordinatoru Ayla Ələsgərova təmsil etdiyi qurum tərəfindən mövcud klinik protokollar üzrə video-materiallar hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
İSİM-in direktoru Ceyhun Məmmədov görüşün məqsəd və vəzifələrindən danışdı. Ötən ay ərzində Mərkəzdə həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara məlumat verən direktor ictimai səhiyyənin inkişafı naminə görülən davamlı işlərdən bəhs etdi. Söhbət əsnasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi (ÜST) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə mayın 11-də baş tutan “2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin başlanması”na həsr olunmuş Dəyirmi Masadan söz açdı. Məruzədə həmçinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində İSİM və ÜST-ün həyata keçirdiyi “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması” istiqamətində səyyar işlərin tamamlandığı, əldə olunmuş məlumatların bir hissəsinin elektron bazaya daxil edildiyi, tədqiqatın aparıldığı barədə bəhs edildi. İştirakçılar eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin birgə təşəbbüsü ilə İSİM tərəfindən aparılan 13-15 yaşlı yeniyetmə məktəblilər arasında tütünçəkmə ilə bağlı sorğu haqqında məlumatlandırıldı. Sorğunun Təhsil Nazirliyinin təqdim etdiyi siyahı əsasında, 25 ümumtəhsil məktəbini əhatə etdiyi, 2700-dən artıq şagird arasında aparılması tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Direktor həmçinin Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə mayda anketlərin tədqiqatının başlanacağı, maydan etibarən 3 ay ərzində səyyar işlərin aparılacağı ilə əlaqədar məlumat verdi.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin həssas qruplarla işləmək bacarığı” mövzusunda təqdimatla Birliyin sədri Mehriban Zeynalova çıxış etdi. İlk növbədə təşkilatın yaranması ilə bağlı məruzə edən M.Zeynalova daha sonra birliyin əsas fəaliyyət sahəsindən geniş bəhs etdi. Məruzədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin əsas məqsədi, strategiyası, tədqiqat işləri və həyata keçirilmiş layihələri, xeyriyyə tədbirləri barədə söhbət açıldı. Eləcə də təşkilatın nəzdində fəaliyyət göstərən hüquq klinikası, reabilitasiya və reinteqrasiya mərkəzi haqqında məlumat verildi.
Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.