2 DEKABR 2010
İSİM-də “Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyası” layihəsi üzrə təlim keçirildi
Avropa Şurasının maliyyələşdirdiyi “Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyası” layihəsi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilati dəstəyi ilə Niderlandın Psixiatriyada Qlobal Təşəbbüs təşkilatı və “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Tədris kursunu Vilnüs Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, Litva Səhiyyə Nazirliyinin Uşaq və Yeniyetmələrin Psixiki sağlamlığı üzrə məsləhətçi-eksperti Sigita Lesinskiyene aparır. Təlimlər Bakı uşaq poliklinikalarında çalışan həkim-nevropatoloq və pediatrlar üçün nəzərdə tutulub.
2010-cu il noyabrın 29-30-u və dekabrın 1-də İSİM-də “Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyası” layihəsi üzrə təlim keçirildi. Təlimi giriş sözü ilə açan məsləhətçi-ekspert Sigita Lesinskiyene üç günlük tədris kursunun məqsəd və vəzifələrini iştirakçıların diqqətinə çatdırdı. Daha sonra müxtəlif mövzuları əhatə edən təqdimatlara keçildi.
İlk növbədə “Uşaq və gənc yaşlarında emosional pozğunluq” mövzusu üzrə uşaq və gənclərin müəyyən hadisələrə yanaşmada emosionallıq göstərmələri, bunun səbəbləri, diaqnostikası və müalicəsi yollarından bəhs edildi. “Həyəcanlı valideynlər və uşaqlarda həyəcanın formalaşması” ilə bağlı məruzədə valideynlərlə bərabər, uşaqlarda da həyəcanın formalaşmasının səbəbləri, əsas aspektləri, qarşısının alınması üçün atılan addımlardan söhbət açıldı. Təlimçi erkən yaşlarda emosianal bağlılığın səbəbləri, uşaqlarda və analarda bu bağlılığın əsas tipləri, pozulmasına səbəb olan amillər barədə “Emosianal bağlılığın uşaq yaşlarında pozğunluğu”ndan danışarkən bildirdi. Eləcə də “Uşağın inkişafında və sağlamlığında valideynlərin boşanmasının təsiri”, “Depressiyanın xüsusiyyətləri, uşaq və yeniyetmə yaşlarında depressiya”, “Uşaq yaşlarında ağrı və psixosomatik pozğunluq” mövzularında təqdimatlar maraqla qarşılandı.
“Uşaqlarda emosional və davranış pozğunluğunun müalicəsi, o cümlədən diaqnostikasında rəsm çəkmədən istifadə imkanları” ilə bağlı çıxışda da vacib məqamlara toxunuldu. Belə ki, rəsm çəkməyin uşaqların özündən böyükləri təqlid etməyə səy göstərmədikləri və ətrafdakıların deyil, öz fikirlərini əks etdirdiyi yeganə məşğuliyyəti olduğu nəzərə çatdırıldı. Uşaqların təxəyyülünün inkişafında rəsmçəkmənin vacib əhəmiyyətindən bəhs edən Sigita Lesinskiyene bu istiqamətdə valideynlərin dəstəyinin də əvəzsiz rolunu vurğuladı. Daha sonra inkişaf pozuntuları olan uşaqların rəsmləri iştirakçılara təqdim edildi.
“Uşaq yaşlarında kompüter asılılığı”, “Uşaqlarda və yeniyetmələrdə davranış pozğunluğu və aqressivlik”, “Uşaqların emosional, fiziki, kimyəvi və cinsi zorakılığı, onun nəticələri”, “Uşaq yaşlarında katatoniya Klinik hadisənin analizi” kimi məruzələr də maraqla dinlənildi. Təqdimatlarda mövzu ilə əlaqədar dünyanın aparıcı ölkələrinin təcrübələrindən, sorğu nəticələrindən, tədqiqatlardan, həmçinin qeyd edilən mövzulara həm cəmiyyətin, həm də ekspertlərin müxtəlif illərdə fərqli baxışlarından bəhs edildi.
İştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı. Təlimin praktik hissəsində tədbir iştirakçıları öz iş təcrübələrindən nümunələr gətirməklə, bir sıra məsələlər barədə müzakirə etdilər.
Təlimçi xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial yardımın səviyyəsini yüksəltmək, müalicə və reabilitasiya, eləcə də təhsil proqramları ilə bağlı qabaqcıl metodikaların tətbiqi işinin bundan sonra da davam etdiriləcəyini nəzərə çatdırdı. İnkişaf pozuntuları olan uşaqlar da cəmiyyətin bərabərhüquqlu üzvləridirlər və onlarda özünə inam hissini tərbiyə etmək və sərbəst həyata hazırlamaq əhəmiyyətlidir. Bu uşaqların erkən reabilitasiyasının vacibliyini vurğulayan Sigita Lesinskiyene gələcəkdə onların cəmiyyətə inteqrasiyası prosesində daha uğurlu nəticələr əldə ediləcəyini də qeyd etdi.