• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

1 APREL 2008

Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirildi

1 aprel 2008-ci il tarixdə Hyyat Park mehmanxanasının Əmirov zalında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspert və texniki dəstəyi ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirildi.

Dəyirmi masada Səhiyyə Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Samir Abdullayev, İSİM direktoru Ceyhun Məmmədov, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutun direktoru və Milli Vərəm Proqramının rəhbəri Faiq Ağayev, Səhiyyə Nazirliyinin baş ftiziatrı Elcan Məmmədbəyov, Bakı Baş Səhiyyə İdarəsinin baş ftiziatrı Yavər Şıxəliyev, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəisi Rafael Mehdiyev, ÜST-nin Avropa regional nümayəndəliyinin Vərəmə nəzarət proqramının eksperti Pierpaolo de Kolombani, ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin təmsilçisi Cavahir Süleymanova, GOPA təşkilatının Regional Vərəmə nəzarət üzrə koordinatoru Oqtay Gözəlov, USAİD, UNİSEF, Qlobal Fond, İCRC təşkilatlarının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İSİM direktoru Ceyhun Məmmədov bildirdi ki, 1882-ci il martın 24-də alman alimi Robert Kox tərəfindən vərəm mikobakteriyası aşkar edildikdən 100 il sonra həmin gün ÜST tərəfindən Ümumdünya Vərəmlə Mübarizə Günü kimi elan edilib. C. Məmmədov qeyd etdi ki, bu Günə həsr olunmuş tədbirinin keçirilməsində məqsəd Azərbaycanda vərəmlə bağlı mövcud olan vəziyyəti maraqlı tərəflərin iştirakı ilə müzakirə etməkdir. Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri S.Abdullayev səhiyyə sektorunda aparılan islahatlarda infeksion xəstəliklərin qarşısının alınmasına xüsusi əhəmiyyət verildiyini, o cümlədən vərəmə qarşı mübarizə məsələlərinin diqqət mərkəzində saxlanıldığını vurğuladı.

Dəyirmi masada ilk olaraq Milli Vərəm Proqramının rəhbəri, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutun direktoru Faiq Ağayev “Azərbaycanda vərəmlə mübarizədə aparılan tədbirlər” mövzusunda məruzə ilə çıxış etdi. Onun sözlərinə görə, ölkədə dərmanlara həssaslıq testlərinin müasir standartlara uyğun müayinəsi məqsədi ilə Elmi Tədqiqat Ağ Ciyər xəstəlikləri institutunun nəzdində Milli İstinad Laboratoriyası (referens laboratoriya) tikilmişdir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Bəlğəm nümunələrinin mikroskopik müayinəsi məqsədi ilə ölkədə bakterioloji laboratoriyalar şəbəkələri yaradılmış və müasir tibbi laborator avadanlıqlarla tam təmin edilmişdir. Bütün regionlar Səhiyyə Nazirliyi və GOPA təşkilatı tərəfindən, vərəmli xəstələrin müalicəsi məqsədi ilə birinci qrup vərəm dərmanları ilə (izoniazid, rifampisin, streptomisin, pirazinamid, etambutol və onların kombinasiyaları) və ərzaq məhsulları ilə tam təmin edilir. Ftiziatr və bakterioloqların planlı şəkildə treninqləri təşkil edilir, həkimlər vaxtaşırı vərəm üzrə təkmilləşdirmə kurslarına cəlb edilirlər. Səhiyyə Nazirliyi tərəfindən vərəmin çox saylı dərmanlara davamlı formasının müalicəsində istifadə edilən 2-ci qrup dərman preparatlarının alınması məqsədi ilə “Yaşıl İşıq Komitəsi”-nə müraciət olunmuş və dərman preparatlarının verilməsinə dair razılıq əldə edilmişdir.

Multirezistent xəstələrin müalicəsinin təşkil edilməsi məqsədi ilə Bakı şəhərində stasionar şöbə yaradılmış, müasir tələblərə uyğun təmir-tikinti işləri aparılmış və stasionar tələb olunan tibbi ləvazimatlarla tam təmin edilmişdir. Bütün yenidoğulanlar arasında spesifik BSJ peyvəndi yerinə yetirilir. Vərəm xəstəliyinin erkən aşkarlanması məqsədi ilə kütləvi profilaktik müayinələr həyata keçirilir.

ÜST-nin Avropa regional nümayəndəliyinin Vərəmə nəzarət proqramının eksperti Pierpaolo de Kolombani “ÜST-nin Avropa regionunda 18 yüksək prioritetli ölkələrdə vərəmin 2007-2015-ci ilə qədər dayandırılma planı” mövzusunda məruzə ilə çıxış etdi. Hər ilin sonunda ÜST-nin vərəmin yayılması ilə bağlı hesabat hazırladığını qeyd edən ekspert 2006-cı il üçün məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu məlumatlara görə, 2006-cı ildə dünyada 9,2 milyon yeni vərəmə yoluxma halları qeydə alınmışdır. Bu halların əksəriyyəti Asiya və Afrikada qeydə alınıb. Vərəmdən 1,5 milyon ölüm hadisəsi qeydə alınıb. Kifayət qədər çox multirezistentli vərəm hadisəsi qeydə alınıb, onlardan 5 faizini isə xüsusi multirezistentli vərəm halları təşkil edir. Əvvəlki illərlə müqayisədə vərəmə yoluxma hadisələri səviyyəsi azalıb. Avropa regionu ölkələrində vəziyyət sabit olaraq qalıb, amma Afrika qitəsi dövlətlərində HİV-in geniş yayılması vərəmə yoluxma və ölüm hallarının artmasına səbəb olub. 

Pierpaolo de Kolombani qeyd etdi ki, 2007-ci ilin oktyabrında bir daha vərəmin yayılması probleminə diqqət cəlb etmək məqsədilə Berlində ÜST-nin və Almaniya hökumətinin təşəbbüsü ilə ÜST-nin Avropa regionu ölkələrinin səhiyyə nazirlərinin tərəfdaş təşkilatların iştirakı ilə forumu təşkil edilmişdi. Forumda nazirlər birgə deklarasiya qəbul etmişdilər. Bu sənəddə Deklarasiyanı imzalayan ölkələr vərəmlə mübarizədə lazım olan tədbirləri ardıcıl və davamlı şəkildə həyata keçirəcəklərini bəyan ediblər. Azərbaycan da bu forumda təmsil olunmuşdu. Forumun ən yüksək nailiyyəti kimi ölkələrin Vərəmi Dayandırma Strategiyasını adaptasiya edib həyata keçirəcəkləri barədə öhdəlik götürmələrini qeyd etmək olar. 

Ekspert xatırlatdı ki, 2006-cı ildə Vilnüsdə “ÜST-ün Avropa regionunda 18 yüksək prioritetli ölkələrdə vərəmin 2007-2015-ci ilə qədər dayandırılma planı”nı müzakirə olunmuşdu. Bu planın son variantı isə ötən il oktyabrın 29-da Berlində qəbul edilmişdi.

Pierpaolo de Kolombani bildirdi ki, bundan əlavə vərəmə qarşı ümumi qlobal mübarizə planı, Avropa Birliyinin vərəmə qarşı Fəaliyyət Planı mövcuddur. Bunlarla yanaşı hər bir ölkədə özünəməxsus milli planlar hazırlanmalıdır. Forumda iştirak edən ölkələr isə bu planlardan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün səy göstərəcəklərini bəyan etmişdilər. Onun sözlərinə görə, Azərbaycanda da bu planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı ilkin müsbət nəticələrdən danışmaq olar. Belə ki, bütün ölkə DOTS proqramı ilə əhatə olunub. Vərəm xəstələrinin dərmanlarla təchizatı təmin edilib. Azərbaycanın penitensiar sistemində vərəm xəstələrinin müalicəsi başqa ölkələr üçün nümunə ola bilər. Ekspert “ÜST-ün Avropa regionunda 18 yüksək prioritetli ölkələrdə vərəmin 2007-2015-ci ilə qədər dayandırılma planı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı problemlərdən də söz açaraq Azərbaycanın bu istiqamətdə daha böyük nailiyyətlər əldə edəcəyinə əminliyini vurğuladı.

“2-ci sıra vərəm əleyhinə dərmanlarla Azərbaycanın penitensiar sistemində aparılan DOTS-plus müalicəsi” mövzsunda məruzə ilə Ədliyyə Nazirliyi Tibb idarəsinin Baş inspektoru F.Hüseynov çıxış etdi. Onun sözlərinə görə 1995-ci ildən Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə məhbəsdə olan vərəm xəstələrinin 1-ci sıra dərmanlarla müalicəsi həyata keçirilib. Vərəm xəstələrinin 1-ci sıra dərmanlarla müalicəsi 2005-ci ildən isə Almaniya hökumətinin dəstəyi ilə həyata keçirilir. F.Hüseynov hazırda 81 vərəmə yoluxmuş xəstənin 2-ci sıra dərmanlarla müalicəyə cəlb edildiyi barədə məlumat verdi. Onun sözlərinə görə, 2-ci sıra preparatlarla DOTS-plus müalicəsi 28.04.2007-ci il tarixdən başlanılıb. Hər bir xəstəyə 7 nəfərdən ibarət Konsilium Komissiyasının qərarı ilə fərdi müalicə sxemləri təyin edilir. Xəstələrə sosial dəstək isə Qlobal Fond, BQXK tərəfindən göstərilir. F.Hüseynov müalicənin gedişində ortaya çıxan əsas problemlər və çətinliklər barədə danışaraq bunların aradan qaldırılması üçün çalışdıqlarını vurğuladı.

Səhiyyə Nazirliyinin HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə proqramın Layihə Əlaqələndirmə Bürosunun direktoru R. Əfəndiyev Qlobal Fondun Azərbaycanda fəaliyyəti barədə məlumat verdi. Onun sözlərinə görə, Qlobal Fond 2006-cı ildən Azərbaycanda Vərəm layihəsini həyata keçirir, layihənin iki əsas resipiyenti – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsidir. Layihə başlayandan 7 ay sonra penitensiar sistemdə vərəmə yoluxmuş xəstələrin müalicəsinə başlanılıb. Bu artıq layihənin uğurlu olmasına dəlalət edirdi. Eyni zamanda mülki sektorda da vərəmə qarşı mübarizədə bir sıra tədbirlərin həyata keçirilməsi Qlobal Fondun maliyyə dəstəyi ilə baş tutub. Bakterioloji laboratoriyaların təchizatı, rezistent xəstələrin müalicəsi üçün 4 saylı dispanserin birinci mərtəbəsinin təmiri, kadrların hazırlanması, ilkin tibbi yardım müəssisələri işçilərinə treninqlərin keçirilməsi, Elektron Qeydiyyat Hesabat Sisteminin yaradılması Qlobal Fondun layihəsi çərçivəsində həyata keçirilib. Artıq bu sistemə 11 dispanser qoşulub. 

Təqdimatlar dinlədildikdən sonra məruzəçilər tədbir iştirakçılarının suallarına cavab verdilər. Bundan sonra vərəmin, xüsusi ilə onun çox saylı dərmanlara davamlı formasının, Azərbaycanda yayılmasının qarşısının alınması və müalicəsi ilə bağlı məsələlər ətrafında ümumi müzakirələr aparıldı.