26 FEVRAL 2008
Sübutlu təbabət üzrə elmi-praktik konfrans keçirildi
25 fevral 2008-ci il tarixdə Hyatt Conference Holl-un Quba zalında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin təşkilatçılığı ilə Sübutlu təbabət üzrə elmi-praktik konfrans keçirildi. Konfransda səhiyyə nazirinin müavini Sənan Kərimov, sübutlu təbabət üzrə beynəlxalq ekspert, Rusiya Sübutlu Təbabət Cəmiyyətinin prezidenti, Moskva Tibb Akademiyasının professoru Vasili Vlasov, USAİD-nin səhiyyə layihələrinin idarə edilməsi üzrə mütəxəssisi Nərgiz Şamilova, İSİM, “Səhiyyə sektorunda islahatlar” layihəsinin icra qrupunun, Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mamalıq-Ginekologoya Elmi-Tədqiqat İnstitutunun, B.Eyvazov adına Hematologiya və Qan Köçürmə Elmi-Tədqiqat İnstitutun, Ağ Ciyər üzrə Elmi Tədqiqat İnstitutunun,K.Fərəcov adına Pediatriya Elmi-Tədqiqat İnstitutunun, M.A.Topçubaşov adına Respublika Elmi Cərrahlıq Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, D. Abdullayev adına Kardiologiya Elmi-Tədqiqat İnstitutunun, Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin, ACQUİRE təşkilatının əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan səhiyyə nazirinin müavini Sənan Kərimov bildirdi ki, sübutlu təbabətin tətbiqi Azərbaycan üçün aktual məsələlərdəndir. Onun sözlərinə görə Azərbaycan iqtisadiyyatı yüksək templərlə inkişaf edir və ölkədə icbari tibbi sığorta sisteminin tətbiqi prosesinə başlanacaq, Sübutlu təbabətin tətbiqi bu baxımdan böyük əhəmiyyət daşıyır. Sübutlu təbabətin tətbiqi eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artmasını şərtləndirən amillərdən biri ola bilər. Sübutlu təbabət üzrə elmi-praktik konfransın keçirilməsini və tədbirdə professor Vlasov kimi bu sahə üzrə tanınmış ekspertin iştirakı yerli mütəxəssislər üçün böyük önəm kəsb edir.
İSİM-in direktoru Ceyhun Məmmədov kliniki rəhbərliklər və kliniki protokolların hazırlanması və tətbiqinin sübutlu təbabətlə bağlı yeniliklərdən biri olduğunu qeyd etdi. C.Məmmədov xatırlatdı ki, Səhiyyə nazirliyinin əmri ilə kliniki protokolların hazırlanması ilə bağlı işlərin görülməsi İSİM-ə həvalə olunub. İSİM-in direktoru Rusiya və MDB ölkələrində sübutlu təbabət konsepsiyasının əsasını qoyan, Rusiyanın kliniki epidemiologiya sahəsində aparıcı mütəxəssislərindən biri olan professor Vlasovun iştirakı ilə keçiriləcək konfrans və sonrakı treninq bu prosesə yeni impuls verəcəyini bildirdi.
USAİD-in səhiyyə layihələrinin idarə edilməsi üzrə mütəxəssisi Nərgiz Şamilova ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini və hər zaman səhiyyə sistemində islahatlara dəstək verdiyini qeyd etdi. Onun sözlərinə görə USAİD sübutlu təbabətin tətbiqi istiqamətində yardım etməyə hazırdır.
Professor Vlasov “Sübutlu təbabət nədir və nə üçün ona ehtiyac var?”, “Sübutlu təbabət və səhiyyə texnologiyalarının qiymətləndirilməsi”, “Sübutlu təbabət və səmərəli səhiyyə xərcləri” mövzusunda məruzələrlə çıxış etdi. Professor Vlasov məruzəsində sübutlu təbabətin meydana gəlməsi, inkişafı, üstünlükləri, faydaları, inkişaf etmiş ölkələrdə tətbiqi təcrübəsi barədə ətraflı məlumat verdi. İndi informasiya texnologiyalarının inkişafının hər bir həkimə sübutlu təbabətin nailiyyətlərindən istifadə etməyə imkan yaratdığını açıqlayan professor bunları əldə etməyin yolları barədə də bilgilər verdi. O, hər bir mövzu ilə bağlı yerli mütəxəssislərin suallarını da cavablandırdı.