22 OKTYABR 2007
"Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması (UDXBA) strategiyasının erkən tətbiqi" üzrə icmal müşavirə
9-11 oktyabr 2007-ci il tarixində Bakı şəhərində Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması (UDXBA) strategiyasının Azərbaycanda erkən tətbiqi üzrə icmal müşavirə keçirilmişdir.
Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması – uşaqların sağlamlıq və inkişafının yaxşılaşdırılmasına yönəlmiş strategiyadır. Onun məqsədlərinə 5 yaşına qədər uşaqlar arasında ölüm, xəstələnmə və əlillik səviyyəsinin aşağı salınması, həmçinin uşaqların sağlamlıq və inkişafının yaxşılaşdırılması daxildir. Strategiya, uşaqlıq dövrü xəstəliklərinin aparılmasının yaxşılaşdırılması, düzgün qidalanma, immunizasiya və digər vacib profilaktika elementləri və sağlamlığın təbliğini özündə birləşdirir. 1995-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və UNICEF tərəfindən tərtib olunmuş strategiyada ən az təminatlı və ehtiyacı olan uşaqlara xüsusi diqqət yetirilir. Proqram dünya üzrə 109 ölkədə, Avropa regionunda isə Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Kosovo və Ermənistanda həyata keçirilir. Son on il ərzində ÜST-nin Avropa Bürosu, UNICEF, beynəlxalq donorlar və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə UDXBA proqramı Azərbaycanın bir neçə pilot rayonunda tətbiq edilmişdir.
Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının birgə keçirdiyi UDXBA strategiyasının Azərbaycanda erkən tətbiqi üzrə icmal müşavirə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən təşkil olunmuşdu. ÜST-nin ölkə ofisinin rəhbəri Kamran Qaraxanov, regional Avropa Bürosunun UDXBA üzrə məsləhətçisi Aygül Kuttumuratova və UDXBA üzrə eksperti Ketevan Şarangiyanın təşkilati dəstəyi və müşavirənin gedişində fəal iştirakı tədbirin uğurlu keçməsinə böyük kömək göstərdi.
Müşavirənin işində Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva, ET Pediatriya İnstitutunun direktoru, Respublikanın baş pediatrı Nəsib Quliyev, ET Mama-ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, həmçinin Azərbaycan Tibb Universitetinin, pediatriya tibb müəssisələrinin bir sıra nümayəndələri, UDXBA proqramının həyata keçirildiyi pilot rayonların Mərkəzi Rayon Xəstəxanalarının rəhbərləri və baş pediatrları, UDXBA proqramı üzrə hazırlanmış trenerlər və monitorlar iştirak edirdilər. Beynəlxalq təşkilatlar UNICEF, Abt Accociates, Global Fund və digər təşkilatların nümayəndələri ilə təmsil olunmuşdular.
Müşavirəni giriş sözü ilə açan Səhiyyə Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Samir Abdullayev iştirakçıları salamlamışdır. O öz çıxışında müşavirənin vaxtında keçirildiyini və aktual məsələyə həsr olunduğunu qeyd etmiş, bu görüşün nəticəsi olaraq Azərbaycanda UDXBA strategiyasının tətbiqinin genişləndirilməsi yollarının müəyyən olunacağına, həmin strategiyanın ilkin səhiyyə səviyyəsində uşaqlara göstərilən tibbi xidmətin əsas prioritetini təşkil edəcəyinə və Minilliyin İnkişaf Məqsədlərindən birinə – 2015-ci il üçün uşaq ölümü səviyyəsinin 1990-cı illə müqayisədə 2/3 nisbətində azaldılması – çatmağa yönələcəyinə ümid etdiyini bildirmişdir.
ÜST-nin regional Avropa Bürosunun UDXBA üzrə məsləhətçisi Aygül Kuttumuratova öz çıxışında qlobal və regional səviyyədə UDXBA proqramının tətbiqi və gələcək inkişaf istiqamətlərinin icmalını vermiş, uşaqların sağlamlığını təmin etməkdən ötrü bu strategiyanın hamı üçün istifadə imkanı verən, əhatəli və effektiv müdaxilələr təklif etdiyini göstərmişdir. Natiq xüsusi olaraq qeyd etmişdir ki, UDXBA proqramının tam tətbiqi hər hansı əlavə xərc çəkmədən uşaq ölümü səviyyəsinin azaldılmasına və uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır.
Azərbaycanda UDXBA proqramının erkən tətbiqi mərhələsində, strategiyanın hər üç komponenti üzrə – səhiyyə sisteminə dəstək, tibb işçilərinin klinik bacarıqlarının yaxşılaşdırılması, ailə və icma səviyyəsində həyata keçirilən tədbirlər – əldə edilmiş nailiyyətlər və meydana çıxan çətinliklər müşavirənin gedişində müzakirə olunmuşdur. Çıxışların və təqdim edilmiş məlumatların təhlili nəticəsində iştirakçılar tərəfindən müşavirənin qətnaməsi qəbul olunmuş, UDXBA strategiyasının tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlər, o cümlədən tez bir zamanda həll edilməsi lazım gələn prioritet məsələlər haqqında tövsiyələr bu sənədə daxil edilmişdir.