28 AVQUST 2007
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ÜST ilə birgə həyata keçirdiyi “Əhalinin Psixi Sağlamlığı Siyasətinin və Kadrların Təkmilləşdirilməsi Strategiyasının Hazırlanması” layihəsi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında imzalanmış, 2006-2007-ci illəri əhatə edən İkiillik Əməkdaşlıq Sazişi çərçivəsində ölkə əhalisinin psixi sağlamlığı ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Sazişə uyğun olaraq, 2007-ci ilin iyun ayından etibarən Azərbaycanda “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” və “Əhalinin Psixi Sağlamlığı Siyasətinin və Kadrların Təkmilləşdirilməsi Strategiyasının Hazırlanması” layihələri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən həyata keçirilməyə başlanmışdır. Layihələr üzrə aparılan iş ÜST-nin texniki və ekspert dəstəyi ilə yerinə yetirilir. “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” layihəsi gedişində əldə olunan məlumat və araşdırmaların nəticələrindən “Əhalinin Psixi Sağlamlığı Siyasəti və Kadrların Təkmilləşdirilməsi Strategiyasının” hazırlanmasında istifadə edilir.
ÜST-nin 2001-ci ildə təqdim olunmuş “Dünyada səhiyyənin vəziyyəti haqqında: Psixi Sağlamlıq, Yeni Anlayış, Yeni Ümid” məruzəsində psixi xəstəliklərlə bağlı problemlərin ağırlığının elmi sübutları verilmişdir. Eyni zamanda bu hesabatda ictimaiyyətə arxalanan psixi sağlamlıq sistemi və xidmətinin qurulmasının zəruriliyi qeyd olunmuş və əsaslandırılmışdır. Ölkə və regionlarda psixi sağlamlıq sistemi haqqında əsas məlumatların toplanmasına kömək məqsədi ilə ÜST tərəfindən “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” üçün vasitə tərtib olunmuşdur. “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” vasitəsi ilə Azərbaycanın psixi sağlamlıq sistemindəki çatışmazlıqların dəqiq və aydın mənzərəsi əldə edilə bilər və bu məlumatlar müəyyən vaxt ərzində psixi sağlamlıq sahəsində və psixiatriya yardımı göstərilməsində yaxşılaşmaya nail olmağa imkan yaradar.
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, “Əhalinin Psixi Sağlamlığı Siyasəti və Kadrların Təkmilləşdirilməsi Strategiyası” əhalinin psixi sağlamlığının möhkəmləndirilməsi, keyfiyyətli psixososial yardımın göstərilməsi, eləcə də psixi pozğunluqlardan əziyyət çəkən şəxslərin hüquq və maraqlarının qorunması sahələrində praktiki fəaliyyəti tənzimləyəcəkdir. Özündə ümumi baxışları, məqsəd və prinsipləri, fəaliyyət istiqamətlərini birləşdirən həmin sənəd, psixiatriya xidmətinin maliyyələşdirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi, mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin psixi sağlamlıq sahəsində müalicə-profilaktika tədbirlərinin yaxşılaşdırılması məsələlərinə kompleks yanaşmanın həyata keçirilməsinə imkan yaradacaqdır.
Bu sənədin işlənib hazırlanması üçün yaradılmış işçi qrupların tərkibinə psixiatrlar, dövlət və qeyri-hökumət təşkilatlarının mütəxəssisləri daxil edilmişdir. Layihənin müəyyən mərhələsində işçi qruplar tərəfindən hazırlanmış ilkin variantların təhlil edilib qiymətləndirilməsi, lazımi düzəlişlərin aparılması üçün psixiatriya və psixologiya sahəsində Azərbaycanın məşhur alimləri, tədqiqatçıları və ekspertləri cəlb ediləcəkdir.
“Əhalinin Psixi Sağlamlığı Siyasəti və Kadrların Təkmilləşdirilməsi Strategiyasının” hazırlanmasına ümumi rəhbərliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov həyata keçirir. Layihənin əlaqələndiriciləri: Gəray Gəraybəyli – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və Psixi Sağlamlıq üzrə Milli Koordinator; Sevil Əsədova – ÜST-nin ölkə ofisinin Psixi Sağlamlıq Proqramının texniki məsləhətçisi.