17 İYUN 2026
Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi, OMP Akademiyasının təşkilatçılığı ilə Bakı şəhərində Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib. Konqresdə ABŞ-ın nüfuzlu Yale Universiteti, Cənubi Afrika Uroginekologiya Cəmiyyəti, Beynəlxalq Vulvovaginal Xəstəliklərin Öyrənilməsi Cəmiyyəti və Xərçənglə Mübarizə və Kolposkopiya Beynəlxalq Federasiyası kimi dünya miqyaslı elmi qurumları təmsil edən tanınmış akademiklər və ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində qadın sağlamlığının aktual problemlərinə dair geniş elmi müzakirələr aparılıb, mütəxəssislər arasında təcrübə mübadiləsi həyata keçirilib, həmçinin klinik halların təhlili və müzakirəsinə həsr olunmuş elmi-praktik sessiyalar təşkil olunub. Konqresdə İSİM-in Epidemiologiya şöbəsinin müdiri Billurə Yusifova çıxış edərək, klinik protokolların hazırlanması prosesi və onların tibbi xidmətin keyfiyyətinin artırılmasındakı əhəmiyyəti barədə ətraflı məlumat verib. Konqres və onun tərkib hissəsi olan təlim kursları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və iştirakçılara 14 Davamlı Peşəkar İnkişaf (DPİ) kredit balı təqdim edilib.









