11 İYUN 2026
Azərbaycanın səhiyyə və tibb mütəxəssisləri Moskvada keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər
Rusiya Federasiyasının Moskva şəhərində “Anadangəlmə bullyoz epidermolizli pasiyentlər üçün elmin gündəlik tibbi praktikaya transformasiyası: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans keçirilib. Konfransın əsas məqsədi bullyoz epidermoliz xəstəliyinin müalicə və profilaktikasına dair mövcud vəziyyətin təhlili, xəstəliyin yayılma səviyyəsinin öyrənilməsi, habelə pasiyentlərə müalicə, qayğı və dəstəyin göstərilməsi istiqamətində müzakirələrin aparılması olub.
Ölkəmizin səhiyyə və tibb işçilərindən ibarət nümayəndə heyəti konfransda iştirak edib. Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Əli Həziyev, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Səbinə Babazadə, Talassemiya Mərkəzinin baş həkimi Səhər İsmayılova, Səhiyyə Nazirliyinin həkim eksperti Əli Quliyev, 1 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserinin baş həkimi, Azərbaycan Tibb Universitetinin dosenti Gülnarə Cəfərova, Regional Tibbi Bölmələr üzrə ekspert Səkinə Qurbanova, Azərbaycanda “Chiesi Rare Diseases” şirkətinin nümayəndəsi, “Biotriumph Rare Care” MMC-nin baş meneceri Aygün Abasquliyeva yer alıblar.
Konfransda nadir (orfan) xəstəliklərin diaqnostika proqramlarını bir araya gətirən vahid platforma – “www.testfor.life” layihəsi diqqətə çatdırılıb. Bildirilib ki, bu platforma fərqli nadir patologiyaların vaxtında aşkarlanmasına və diaqnostika imkanlarının genişləndirilməsinə xidmət edir.
Azərbaycanda anadangəlmə bullyoz epidermolizli pasiyentlərə göstərilən yüksəksəviyyəli tibbi yardım, eləcə də son bir ildən artıq müddətdə “Filsuvez” preparatının tətbiqi ilə bağlı əldə olunan klinik təcrübə barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib. Azərbaycan təcrübəsi beynəlxalq ekspertlər tərəfindən böyük maraqla qarşılanıb.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Elmlər Akademiyasının Akademik N.P. Boçkov adına Tibbi-Genetik Elmi Mərkəzdə olub. Mərkəzin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kutsev və mərkəzin elmi-klinik işlər üzrə direktor müavini, tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rena Zinçenko nümayəndə heyəti ilə görüşüb.
Mərkəzin rəhbərliyi ilə keçirilən görüşdə gələcək beynəlxalq əməkdaşlıq perspektivləri, birgə elmi-praktiki proqramların icrası ətrafında geniş fikir mübadiləsi aparılıb.









