19 MAY 2026
Bakı Qida Sənayesi Kollecində maarifləndirici tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı Qida Sənayesi Kollecinin müəllim və tələbə heyəti üçün sağlamlıq hüquqları və zərərli vərdişlərin profilaktikasına dair tədbir təşkil olunub. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquq məsləhətçisi Rüstəm Məmmədov geniş təqdimatla çıxış ediblər. İştirakçılara müasir dövrdə sağlamlığa təsir edən amillər barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, həyata keçirilən bütün ictimai sağlamlıq təşəbbüslərinin məqsədi ölkədə dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, əhalinin ümumi rifahını yüksəltmək və sağlamlığın möhkəmləndirilməsi yolu ilə daha sağlam gələcək formalaşdırmaqdır. Tədbir zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb və beynəlxalq təcrübə müzakirə edilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları təqdim olunub.









