14 MAY 2026
Liseylərdə maarifləndirici tədbirlər keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə Tərlan Heybətov adına “Vətən” İdman Liseyi, 1 nömrəli İdman Liseyi, Kimya və Biologiya Təmayüllü Respublika Liseyində maarifləndirici tədbirlər təşkil olunub. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirlərdə şagirdlərə sağlam həyat tərzi və zərərli vərdişlərin təhlükəli təsirləri barədə ətraflı məlumat verilib. İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva geniş təqdimatla çıxış edərək şagirdlərə tütün məmulatları, alkoqollu içkilər və narkotik maddələrdən uzaq olmağın vacibliyini vurğulayıb. O, zərərli vərdişlərin insanda güclü fiziki və psixoloji asılılıq yaratdığını, ağır fəsadlara səbəb olduğunu izah edib, gənc nəsli sağlam həyat tərzi seçməyə səsləyib. Məktəblilərə, həmçinin enerji içkilərinin və qeyri-sağlam qidalanmanın zərərləri barədə məlumat verilib, onlara hər gün fiziki aktiv olmaq, erkən yaşlardan sağlamlıqlarına məsuliyyətlə yanaşmaq tövsiyə edilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və şagirdlərə İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanılıb.









