6 MAY 2026
“Zorakılığa yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə 139, 252, 276, 316 və 334 nömrəli məktəblərdə şagirdlər üçün maarifləndirici tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirlərdə şagirdlərə sağlamlığın qorunması və zorakılıqdan qorunma qaydaları ilə bağlı ətraflı məlumat verilib. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova geniş təqdimatla çıxış edərək, şagirdlərə zorakılığın müxtəlif formaları, onun mənfi təsirləri və zorakılıqla zarafatın sərhədləri barədə ətraflı məlumat verib. Onlara asudə vaxtın səmərəli təşkili izah edilib, fiziki aktivliyin artırılması, zərərli vərdişlərdən uzaq durmaq və sağlam həyat tərzi seçmək tövsiyə olunub. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar təqdim edilib.









