24 APREL 2026
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında maarifləndirici tədbir təşkil olunub. Zabit və kursantların iştirakı ilə keçirilən tədbir sağlam həyat tərzi barədə gənc nəsli maarifləndirmək, tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərin təhlükəli fəsadları barədə onlara ətraflı məlumat vermək məqsədi ilə keçirilib. Tədbiri giriş sözü ilə FHN-nin Akademiyasının Şəxsi heyətlə iş bölməsinin rəisi Hüseyn Abdinov açaraq vurğulayıb ki, gənc nəslin sağlam inkişafı, təhsili, mənəvi tərbiyəsi ölkəmizdə daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. İSİM-in İctimai sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadova zərərli vərdişlərlə mübarizədə ölkəmizdə qəbul olunan qanunların böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Gənc yaşlarından sağlamlığa məsuliyyətlə yanaşmağın vacibliyi, sağlam həyat tərzi seçməyin üstünlükləri, zərərli vərdişlərin yalnız istifadəçilərin deyil, ətrafdakı insanların da sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat verib. İştirakçılara sağlamlığın qorunması ilə bağlı faydalı tövsiyələr verilib, vurğulanıb ki, cəmiyyətin sağlam inkişafı üçün ən doğru yol zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçməkdir.









