13 MART 2026
“Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici görüş keçirilib
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Bakı şəhəri 211 nömrəli məktəbdə “Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, gənc nəsli sağlam həyat tərzi seçməyə çağırıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova geniş təqdimatla çıxış edib. O, iştirakçılara zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verib. Gənc nəslə zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq və hər gün fiziki aktivliyə vaxt ayırmaq tövsiyə edilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









