3 MART 2026
“Sağlam həyat tərzi” mövzusunda maarifləndirici görüş keçirilib
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Bakı şəhəri 90 nömrəli məktəbdə keçirilən tədbirin məqsədi gənc nəsli zərərli vərdişlərin ağır fəsadları barədə məlumatlandırmaq olub. Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova gənc nəsli sağlam həyat tərzi seçməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova geniş təqdimatla çıxış edərək, iştirakçılara zərərli vərdişlərin acı nəticələrindən söz açıb, onlara sağlam davranışlara sahib olmaq, sağlamlığına məsuliyyətlə yanaşmaq, hər gün fiziki aktivliyə vaxt ayırmaq tövsiyə olunub. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.









