27 FEVRAL 2026
İSİM əməkdaşlarına əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə geniş məlumat verilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əməkdaşların təhlükəsizliyinin təmin edilməsi və bu sahədə biliklərinin artırılması məqsədilə “Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi” mövzusunda növbəti təlim təşkil olunub.
İSİM-in Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi Rəna Əmirova əməyin mühafizəsi qaydaları, fövqəladə hallarda davranış qaydaları, eləcə də yanğın təhlükəsizliyi tələbləri barədə ətraflı məlumat verib. İSİM-də təhlükəsizlik üzrə cavabdeh şəxs Məhəmməd Hüseynov təlimin əsas hədəfinin iş mühitində təhlükəsizlik səviyyəsinin artırılması, eləcə də əməyin mühafizəsi sahəsində mövcud normativ tələblərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.
Təlim zamanı iştirakçılara yanğın təhlükəsizliyi, fövqəladə hallarda idarəetmə və davranış qaydaları, təxliyə planı, zərərçəkmişə ilkin yardımın göstərilməsi və s. barədə geniş söz açılıb. Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.









