12 FEVRAL 2026
“Yeniyetmə oğlanlarda reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Yeniyetmə oğlanlarda reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə əməkdaşlığı sayəsində baş tutub. Tədbirin təşkilində məqsəd yeniyetmə oğlanları reproduktiv sağlamlığın qorunması ilə bağlı maarifləndirmək olub.
İSİM-in həkim-metodisti Teymur Ağazadə iştirakçılara cinsi yolla yoluxan infeksiyalar və onların əlamətləri, reproduktiv sağlamlığa təsir edən amillər, cinsi yolla keçən xəstəliklərin profilaktikası ilə bağlı geniş məlumat verib. Tələbələrin sualları cavablandırılıb, onlara sağlamlığın qorunmasına dair faydalı tövsiyələr və maarifləndirmə materialları təqdim olunub. Tədbirdə həmçinin Peşə Təhsili Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, Kütləvi işlərin təşkili şöbəsinin müdiri Kəmalə Muradlı, metodist Günel Məmmədova iştirak ediblər.









