13 FEVRAL 2026
“Görünməyən travma: məişət zorakılığı və psixosomatik xəstəliklər” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları üçün “Görünməyən travma: məişət zorakılığı və psixosomatik xəstəliklər” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi emosional, psixoloji və iqtisadi zorakılığa uzunmüddətli məruz qalmanın davamlı fiziki simptomlara təsiri barədə məlumatlılığı artırmaq olub.
Təlim Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Psixologiya kafedrasının əməkdaşları Emiliya İgidova, Aytən Mütəllimzadə və Aylin Əlləzova tərəfindən aparılıb. Məişət zorakılığının səbəbləri, psixosomatik xəstəliklər, uzunmüddətli stres vəziyyətinin insanın immun sisteminə təsiri barədə ətraflı məlumat verilib.
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, eyni zamanda ictimai səhiyyə mütəxəssisləri tərəfindən zorakılıqla mübarizə sahəsində ölkəmizdə keçirilən maarifləndirmə tədbirlərində ünsiyyət və davranış mexanizmləri, emosional tənzimləmə və psixoloji təsir vasitələrinin elmi əsasları ətrafında təhlillər aparılıb.









