5 DEKABR 2025
“Gənclik dövründə sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş təşkil edilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə təşəbbüsü ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Gənclik dövründə sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Tədbirin əsas məqsədi təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması olub.
Tədbir çərçivəsində gənclərə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılmasının vacibliyi, sağlamlıq və reproduktiv sağlamlıqla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müvafiq tövsiyələri, həmçinin gənclərin sağlamlığına təsir göstərə biləcək potensial risk faktorları haqqında geniş məlumatlar təqdim olunub.
İSİM-in həkim metodisti Afət Məmmədova geniş təqdimatla çıxış edərək, gənclər arasında aktual olan cinsi yolla yoluxan infeksiyaların (CYYİ) qarşısının alınması, ailə planlaşdırılması, erkən nikah və selektiv abort kimi problemlərin reproduktiv sağlamlığa təsiri barədə çıxış edib.
İnteraktiv formatda təşkil edilən görüşdə gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib, həmçinin sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı geniş və faydalı müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.









