1 DEKABR 2025
Binəqədi rayonunda “Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Binəqədi rayonu 135, 298, 144, 182 nömrəli tam orta məktəblərdə 25-28 noyabr 2025-ci ildə “Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə zərərli vərdişlərin ağır fəsadlarından söz açılıb, zərərli vərdişlərə qarşı təbliğat və maarifləndirmənin əhəmiyyəti vurğulanıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci, 6-cı, 7-ci, 43-cü polis bölmələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, məktəblərin direktorları, müəllim və şagird kollektivi tədbirlərdə iştirak ediblər.
İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva geniş təqdimatla çıxış edərək, narkotik vasitələrin insan orqanizminə mənfi təsirləri və sağlamlığa ağır fəsadları barədə danışıb, yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Tədbir iştirakçılarının sualları cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar paylanılıb.









