17 NOYABR 2025
İSİM-in nümayəndəsi “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda keçirilən konfransda çıxış edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans təşkil edilib.
Tədbir dövlət qurumları, aidiyyəti agentliklər, qeyri-hökumət təşkilatlarının nümayəndə və ekspertlərinin iştirakı ilə baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Vəfa Yaqublu və digər natiqlər çıxış edərək ölkəmizdə uşaqların müdafiəsi istiqamətlərində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayıblar.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Nərmin Əliyeva “Sağlamlığın qorunmasında rəqəmsal innovasiyaların rolu” mövzusunda çıxış edərək gənc nəslin fiziki və psixi sağlamlığının qorunması məqsədilə hazırlanan uşaqlar, valideynlər, müəllim və təhsil işçiləri üçün geniş məlumat bazası olan “Sağlam uşaq” internet portalı və mobil tətbiqi barədə ətraflı məlumat verib.
O, həmçinin Səhiyyə Nazirliyinin tərəfindən yaradılan “Elektron Resept” portalı (reseptim.az) barədə danışaraq bildirib ki, rəqəmsal innovasiyaların tətbiqi vətəndaşların, o cümlədən uşaqların sağlamlıq xidmətlərinə çıxışını asanlaşdıraraq onların sağlamlıq tarixçəsi, xəstəliklər və müasir müalicə üsullarına dair müfəssəl məlumatlarının vahid rəqəmsal platformada birləşdirilməsini və bütün tibb müəssisələri üçün onlayn əlçatanlığını təmin edir.
Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hikmət Verdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İnsan resurslarının idarəedilməsi şöbəsinin Könüllülərlə iş sektorunun baş
mütəxəssisi Aydan Hüseynli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Elmir Ağasoyun uşaq hüquqlarının qorunması istiqamətində hüquqi mexanizmlər, rəqəmsal xidmətlərin rolu, təhlükəsiz rəqəmsal mühitin qurulması üzrə aparılan işlər barədə çıxışları dinlənilib.
Tədbirin sonunda uşaqların rəqəmsal savadlılığının artırılması, rəqəmsal inklüzivlik imkanlarının genişləndirilməsi və sağlamlıq xidmətlərinə çıxışlarının təmin edilməsi ilə bağlı suallar cavablandırılıb, təqdim olunan təkliflər əsasında geniş fikir mübadiləsi aparılıb.









