7 NOYABR 2025
“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı vətənpərvərlik mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən İSİM-in direktoru Səbinə Babazadə xalqımızın qürur və şərəf simvoluna çevrilmiş Zəfər Gününün tariximizə qızıl hərflərlə yazıldığı, zəfərin beşinci ildönümünün ölkəmizdə təntənə ilə qeyd edildiyi, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan xalqının milli birliyi və əzminin nəticəsi olduğunu vurğulayıb.
İSİM-in əməkdaşları, İkinci Qarabağ müharibəsi veteranları Bəhruz Məmmədzadə və Vahab Nəhmətovun timsalında misilsiz qəhrəmanlığa imza atan xalqımızın övladlarının igdliyindən söz açılıb, keçmiş döyüşçülərə “Zəfərimizin 5 ili mübarək” adlı xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Cəbrayıl rayonu Horovlu kəndinin yeni sakinləri və rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə iştirak edən İSİM-in əməkdaşı Xəyalə Poladovanın ailəsinə və digər sakinlərə doğma yurdda yeni mənzillərin açarlarının təqdimedilmə anlarını əks etdirən videomaterial izlənilib. İştirakçılar bir
yaşında ailəsi ilə bərabər doğma yurduna qürurla və sevinclə qayıdan X,Poladovanın təəssüratları ilə tanış olublar.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə həyata keçirilən Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasından söz açıb və iştirakçıları ssenarisi əsasında rejissor Ruslan Mollayev tərəfindən çəkilən “Yurda dönən Çinar” sənədli filmini izləməyə dəvət edib. APATV tərəfindən çəkilən filmdə insanlarla yanaşı, işğal dövründə təbiətə qarşı amansız rəftarı əks etdirən kadrlar əks olunub, doğma elə dönən insanların ürək sözləri, xatirələri canlanıb.
Yekunda tədbir iştirakçılarının birlikdə “Qarabağ Azərbaycandır!” şüarı səslənib və xatirə fotolar çəkilib.









