19 İYUN 2025
İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında sorğunun keçirilməsi ilə bağlı təlimlər təşkil olunub. Təlimlərin məqsədi Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair cari ilin iyun-sentyabr aylarında STEPS-2025 sorğusu ilə bağlı mütəxəssisləri hazırlamaqdır. ÜST-nin ekspertlərinin iştirakı ilə aparılan təlimlər həm nəzəri, həm də praktiki məşğələləri əhatə edib.
Təlimlər xarici və yerli ekspertlər tərəfindən aparılıb. Təlim iştirakçılarına STEPS-in 3 mərhələli şəkildə həyata keçirilmə qaydaları, sorğu zamanı müsahibənin izlənmə formasının doldurulması və məlumatları e-STEPS bazaya yerləşdirmə üsulları izah edilib. Təlimlərdə, həmçinin müsahibəçilərə təyin olunmuş ev təsərrüfatında respondentlərin seçilməsi və məlumatların toplanılmasında əsas rol oynayan Android cihazının funksiyaları öyrədilib.
Qeyd edək ki, STEPS – ÜST tərəfindən hazırlanmış və artıq 100-dən çox ölkədə tətbiq olunan standart metodologiyadır. Tədqiqat tütün və alkoqol istifadəsi, fiziki passivlik, qeyri-sağlam qidalanma, piylənmə, hipertenziya, qanda şəkər və lipidlərin artması və s. risk amilləri haqqında məlumat toplamaq məqsədi daşıyır. Toplanan məlumatların təhlil edilərək analiz olunması, əhalinin sağlamlığının qorunması və müdafiəsi üçün nəzərdə tutulan müxtəlif proqramlarda istifadəsi nəzərdə tutulur.









