1 İYUL 2025
İSİM-in nümayəndəsi tütünlə mübarizə üzrə beynəlxalq konfransda iştirak edib
İrlandiyanın paytaxtı Dublin şəhərində 23-26 iyun 2025-ci ildə Vərəm və Ağciyər Xəstəliklərinə qarşı Beynəlxalq Birlik və ictimai səhiyyə üzrə beynəlxalq təşkilat olan “Vital Strategies” tərəfindən tütünlə mübarizə üzrə beynəlxalq konfrans keçirilib.
Konfransda ölkəmizi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev təmsil edib. Tütünә qarşı mübarizә haqqında ÜST-nin Çәrçivә Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümünə həsr olunan konfransda uzun illər ərzində əldə edilən nailiyyətlər, qazanılan təcrübələr bölüşülüb, insan həyatının qorunması və gələcək nəsillərin sağlam dünyada yaşaması üçün görüləcək tədbirlər barəsində fikir mübadiləsi aparılıb.
Konfransın keçirilməsində məqsəd tütünlə mübarizə üzrə müxtəlif sahələrdə çalışan ekspertləri bir araya gətirərək yerli, regional və beynəlxalq səviyyədə əməkdaşlıq qurmaq, ən son sübut və təcrübələrə əsaslanan fikirləri dinləmək, yeni araşdırmalar və nəticələrlə bağlı fikir mübadiləsi aparmaq, tütün epidemayasının qarşısının alınması istiqamətində birlikdə mübarizə tədbirləri görmək olub.









