1 İYUL 2025
Tbilisi şəhərində regional forum keçirilib
Gürcüstanın Tbilisi şəhərində 27-28 iyun 2025-ci ildə Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə HPV (İnsan Papilloma Virusu) ilə əlaqəli xəstəliklərin aradan qaldırılmasına həsr olunmuş regional forum təşkil edilib.
Forumun əsas məqsədi HPV infeksiyasının yaratdığı xəstəliklərlə mübarizə və peyvəndlənmə strategiyalarının gücləndirilməsi, bu sahədə əldə edilmiş 20 illik qlobal təcrübə, yeni elmi yanaşmaların müzakirəsi olub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova, Elmi Tədqiqat Mama Ginekologiya İnstitutunun ginekoloqu Kəmalə Talışinskaya, DTX Hospitalının onko-ginekoloqu Vüsalə Mədətova, Milli Onkologiya Mərkəzinin onko-ginekoloqu Nərgiz Zeynal, İSİM-in həkim-metodisləri Sevinc Zeynallı və Gülnarə Rzayeva, 3 saylı Qadın Məsləhətxanası və Ailə Planlaşdırılma Mərkəzinin ginekoloqları Pərvanə İsakova və Nərmin Şərifzadə forumda iştirak ediblər.
Forumda Azərbaycan, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin səhiyyə rəhbərləri, infeksion xəstəliklər üzrə mütəxəssislər və peyvəndlənmə strategiyalarının hazırlanması üzrə ekspertlər iştirak ediblər.
İki günlük proqram çərçivəsində panel müzakirələri, elmi təqdimatlar və praktiki sessiyalar keçirilib, regionda HPV-yə qarşı mübarizənin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.









