23 DEKABR 2024
Orta məktəblərdə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda silsilə tədbirlər təşkil olunub
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqla orta məktəblərdə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda silsilə tədbirlər təşkil olunub. Bakı şəhəri üzrə 20 orta təhsil müəssisəsində keçirilən marifləndirici tədbirlərdə müəllimlər, psixoloqlar, həkim və tibb bacıları iştirak ediblər.
İSİM-innümayəndələri – Təlim və resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, həkim metodist Afət Məmmədova geniş təqdimatlarla çıxış edərək, zorakılıq halları, gender bərabərliyi, məişət zorakılığı, uşaqlara qarşı zorakılığın növləri və müdafiə mexanizmləri, kiberbullinq (kiber zorakılıq) haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması üçün səhiyyə işçiləri tərəfindən əhali arasında mütəmadi olaraq geniş təşviqat aparılır və zorakılığa məruz qalan şəxslərin ixtisaslaşdırılan tibbi yardım göstərən müəssisələrə vaxtında müraciət etməsi tövsiyə olunur.
Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.