17 DEKABR 2024
“Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda təlim keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda seminar keçirilib. Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıqla təşkil olunan təlimdə orta məktəb, psixoloqları, fərdi fəaliyyət göstərən psixoloqlar, “Uşaq Qaynar Xətt” xidməti və ictimai səhiyyə mütəxəssisləri iştirak ediblər.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev gənc nəslin sağlam inkişafının ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda geniş əks olunduğunu vurğulayıb. Bildirib ki, təlimin təşkilində məqsəd uşaqların psixi sağlamlığının qorunması istiqamətində məlumatlılığın artırılmasıdır. Q. Haqverdiyev məktəbyaşlı uşaqların sağlamlığının öyrənilməsi üzrə aparılan COSI tədqiqatı və digər sorğuların nəticələri barədə ətraflı məlumat verib. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova çıxış edərək, gənc nəsildə sağlam vərdişlərin formalaşdırılması, məktəblilərin düzgün yönləndirilməsi, uşaq travmaları və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində psixoloqların müvafiq məlumat və materiallarla təmin olunmasının əhəmiyyətini vurğulayıb.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva gənc nəslin fiziki və psixi sağlamlığının qorunması məqsədilə hazırlanan, uşaqlar, valideynlər, müəllim və təhsil işçiləri üçün geniş məlumat bazası olan “Sağlam uşaq” internet portalı və mobil tətbiqi barədə ətraflı məlumat verib.
İSİM-in Təlim-resurs şöbəsinin əməkdaşı Sevda Məmmədova psixoloq yardımına əlçatanlığın təmin olunmasından danışaraq, iştirakçıları rəqəmsal texnologiyalardan istifadə ilə bağlı sorğuda iştirak etməyə dəvət edib. Sorğunun nəticələri təhlil edilib və məlum olub ki, psixoloqlar müraciətləri əsasən “Zoom” “Votsap” və “VideoDoktor” platforması üzərindən cavablandırıblar.
“Uşaq Qaynar Xətt” xidmətinin koordinatoru Fidan Əkbərli və sosial işçisi Ləman Əliyeva zənglər barədə məlumat verərək, bütün müraciətlərə diqqətlə yanaşıldığını, aidiyyəti üzrə müvafiq qurumlara və mütəxəssislərə yönəldildiyini, məxfiliyin qorunduğunu vurğulayıblar.
İSİM-in psixoloqu Aysel Musayeva uşaqlarda stress və depressiyanın əlamətlərindən söz açıb, onlara vaxtında göstərilən psixoloji dəstəyin, ailə, məktəb və mütəxəssislərin birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Seminarda uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi ilə bağlı faydalı təcrübələr bölüşülüb, səmərəli fikir mübadiləsi aparılıb və iştirakçılara geniş çeşiddə maarifləndirici vəsaitlər təqdim olunub.