16 DEKABR 2024
“Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici aksiya keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıqla Nizami Mall-da maarifləndirici aksiya keçirilib. Aksiyanın məqsədi tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılması olub.
Nizami Mall-da təşkil olunan aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının təyin edilməsi) dəvət ediliblər, onlara həkim və ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib. Vurğulanıb ki, son vaxtlar dünya ölkələrində qeyri-infeksion, o cümlədən ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır. Əsas risk amillərinə isə, tütünçəkmə və digər zərərli vərdişlərə aludəlik, fiziki passivlik, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir.
Xəstəliklərin əsas risk amillərinin qarşısını almaq üçün iştirakçılara sağlam həyat tərzi seçmək təşviq edilib, bu mövzulara dair maarifləndirici materiallar paylanılıb.