9 FEVRAL 2024
İnfeksion xəstəliklərin menecmenti üzrə II Bakı konfransı keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin birgə əməkdaşlığı, Uptodate İn Medicine-nin texniki dəstəyi ilə 9 fevral 2024-cü ildə infeksion xəstəliklərin menecmenti üzrə II Bakı konfransı keçirilib.
Konfrans müasir dövrdə infeksion xəstəliklərə qarşı mübarizə istiqamətində görülən işlərlə dair fikir mübadiləsi aparmaq, o cümlədən COVID-19 pandemiyası kimi son hadisələr fonunda əldə olunan bilik və təcrübələri bölüşmək məqsədilə təşkil olunub.
Konfransda səhiyyə və tibb işçiləri, o cümlədən ailə həkimi, ümumi-cərrah, endokrinoloq, terapevt, anestezioloq-reanimatoloq, infeksionist həkimlər iştirak ediblər.
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, TƏBİB-in Strateji inkisaf departamentinin rəhbəri Yaqut Qarayeva, Yeni klinikanın direktoru, Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov açılışda çıxış edərək, müasir dövrdə infeksion xəstəliklərə qarşı mübarizədə qlobal əməkdaşlığın və dəyişən epidemioloji vəziyyətə tez uyğunlaşmağın vacib olduğunu vurğulayıblar.
Müxtəlif sessiyalarda konfrans iştirakçılarına “Səhiyyə isçiləri arasında COVID-19, qrip və RSV infeksiyaları və vaksinasiyanın effektivliyinin öyrənilməsi tədqiqatı”, “Hepatit C infeksiyasına müasir yanasma”, “İİV/QİÇS-in idarə olunmasında müasir yanaşmalar” və s. mövzular üzrə geniş təqdimatlar təqdim olunub. Səhiyyə və tibb işçiləri - Qəhrəman Haqverdiyev, Vasif Əliyev, Leyla Həşimova, Fərid Əliyev, Mədinə Abdullayeva, Səbinə Babazadə, Xalidə Səmədzadə, Təyyar Eyvazov, Xəyal Məmmədov, Aida Sərkərova, Səbinə Cəfərova, Səbinə İbrahimova, Nabil Seyidov, Aişə Kərimova və digər nümayəndələrin çıxışları ətrafında səmərəli fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 DTT kredit balı ilə qiymətləndirilib.
Şəkil