26 YANVAR 2024
“Ana südü ilə qidalandırmanın əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 13 nömrəli və 15 nömrəli Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində tələbə qızlar üçün “Ana südü ilə qidalandırmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova geniş təqdimatla çıxış edib. O,reproduktiv sağlamlıq barədə ətraflı məlumat verib, ana südü ilə qidalandırmanın həm ananın, həm də körpənin sağlamlığı üçün əhəmiyyətini vurğulayıb: “Ana südü ilə qidalandırma ananı şəkərli diabet, yumurtalıq və döş xərçəngi, ürək-damar xəstəlikləri və doğuşdan sonrakı depressiyadan qoruyur”.
Amerikada NYU School of Global Public Health universitetində təhsil alan və İSİM-də təcrübə keçən Mehriban Zeynallı geniş təqdimatla çıxış edərək bildirib ki, ana südü ilə qidalandırma körpələrin sağlamlığı üçün faydalıdır.O, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmağın vacibliyini diqqətə çatdıraraq “Burla xatun” mobil tətbiqi haqqında iştirakçılara ətraflı məlumat verib.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.