29 DEKABR 2023
Səhiyyə Nazirliyi İSİM-də “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda seminar keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 28 dekabr 2023-cü ildə “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda seminar keçirilib. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi, İSİM, “Uşaq Qaynar Xətt” xidməti, orta məktəblər və uşaq poliklinikasının psixoloqları, o cümlədən fərdi fəaliyyət göstərən psixoloqlar, həkimlər, ictimai səhiyyə mütəxəssisləri seminarda iştirak ediblər.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva gənc nəslin sağlam inkişafının ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda geniş əks olunduğunu vurğulayıb və bu məqsədlə hazırlanan “Sağlam uşaq” internet portalı və mobil tətbiqi barədə ətraflı məlumat verib. Uşaq, valideyn və müəllimlər üçün nəzərdə tutulan portalın psixoloqlar üçün də faydalı məlumat bazası olduğu bildirilib. “Uşaqların psixi sağlamlığı”, “Uşaqlara qarşı zorakılıq”, “Uşaq travmaları” və s. mövzular üzrə bölmələr xüsusilə diqqətə çatdırılıb.
İSİM-in Təlim-resurs şöbəsinin müdiri Kamila Kərimova psixoloq yardımına əlçatanlığın təmin olunmasından söz açaraq, iştirakçıları rəqəmsal texnologiyalardan istifadə ilə bağlı sorğuda iştirak etməyə dəvət edib. Sorğunun nəticələri təhlil edilib və məlum olub ki, psixoloqlar müraciətləri əsasən “votsap”, “zoom” və “VideoDoktor” platforması üzərindən cavablandırıblar.
“Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin nümayəndəsi Aynur Məmmədova “Uşaq Qaynar Xətt” xidməti və fəaliyyəti barədə geniş məlumat verib, bütün müraciətlərə diqqətlə yanaşılaraq aidiyyəti üzrə müvafiq qurumlara və mütəxəssislərə yönəldildiyini, məxfiliyin qorunduğunu vurğulayıb.
İSİM-in psixoloqu Aysel Musayeva autizm və əlamətləri, müalicəsindən söz açıb, onlara vaxtında göstərilən psixoloji dəstəyin, ailə, məktəb və mütəxəssislərin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Seminarda uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi ilə bağlı faydalı təcrübələr bölüşülüb və səmərəli fikir mübadiləsi aparılıb.