28 DEKABR 2023
“Ümummilli lider Heydər Əliyev və səhiyyə” kitabı işıq üzü görüb
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Ümummilli lider Heydər Əliyev və səhiyyə” kitabı tərtib olunaraq, nəşr edilib. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar işıq üzü görən kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitab xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edərkən müxtəlif iclaslarda, görüşlərdə çıxışları, geniş auditoriyalar qarşısında nitqləri, habelə ünvanladığı məktublar əsasında tərtib edilib.
Kitab Ulu Öndərin çoxşaxəli fəaliyyətini, o cümlədən ölkəmizdə əhalinin sağlamlığının qorunması və səhiyyənin inkişafındakı parlaq fəaliyyətini təbliğ və təşviq etmək məqsədi ilə çap olunub.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev kitabın giriş hissəsində Ulu Öndərin ölkəmizin səhiyyə sahəsini, o cümlədən tibb elmi və tibb təhsili sistemini xüsusi diqqət mərkəzində saxladığını vurğulayıb: “Xalqımızın böyük oğlu ölkəmizdə hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının mühafizəsi, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi”.
Kitabda ulu öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı sərəncamı ilə 17 iyun – Azərbaycan Tibb İşçilərinin Peşə Bayramı Günü elan edildiyi bir daha diqqətə çatdırılıb. Oxuculara Ümummilli Liderin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubundan sətirlər təqdim olunub: “Əmin olduğumu bildirirəm ki, peşə andınıza sədaqət göstərərək, əhalimizin sağlamlığının qorunması naminə bundan sonra da var qüvvə ilə çalışacaq, bu mühüm işin öhdəsindən layiqincə gəlmək üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Belə məsuliyyətli və nəcib bir məqsədə yönəlmiş fəaliyyətinizdə sizə yeni-yeni uğurlar, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram“.
Qeyd edək ki, kitabda Ulu Öndərin tibb və səhiyyə müəssisələrinin açılışında söylədiyi nitqləri, tibb və səhiyyə işçiləri ilə görüşlər zamanı çıxışları, o cümlədən bu istiqamətdə məktubları toplanıb.