3 AVQUST 2023
Ana südü ilə qidalandırmanı təşviq edən aksiya keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə 3 avqust 2023-cü ildə əhali üçün ana südü ilə qidalandırmaya həsr olunan təşviqat aksiyası keçirilib. İctimaiyyət nümayəndələri və yerli sakinlərin fəal iştirak etdiyi aksiyanın məqsədi uşaqların sağlam inkişafı və qidalanması ilə bağlı maarifləndirmə aparmaq idi.
1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalandırmanı Maarifləndirmə Həftəsi çərçivəsində keçirilən aksiyada iştirakçılara körpələrin düzgün bəslənməsi barədə dolğun məlumatlar verildi. Vurğulandı ki, xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə, körpənin sağlam böyüməsinə kömək edir. Hamilələr və gənc analara yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq və ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməmək tövsiyə olundu.
Aksiya iştirakçılarına, həmçinin xəstəliklərin əsas risk amilləri, zərərli vərdişlər barədə məlumat verildi, sağlam həyat tərzi sürmək tövsiyə olundu, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.