25 MAY 2023
İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində 25 may 2023-cü ildə Azərbaycan xalqının ümumilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş foto-sərginin və bu materiallar əsasında hazırlanan albom-kataloqun təqdimat mərasimi oldu. Sərgidə Ulu öndər Heydər Əliyevin səhiyyə və tibb müəssisələrində, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən 50-dən çox foto nümayiş edildi.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, zəngin həyat yolu və fəaliyyəti ilə adını tarixə yazan ulu öndərimiz Heydər Əliyevi biz – səhiyyə işçiləri hər zaman böyük hörmət və ehtiramla anırıq: “Ümummilli lider Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi. Ulu öndərin rəhbərliyi ilə, səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə və insanların sağlamlıqlarının qorunmasına xidmət edən 15-dən çox qanun qəbul olundu. Bu qanunların hər birinin qəbul olunması ölkəmizdə səhiyyə sisteminin inkişafına əhəmiyyətli təsir edən mühüm addımlar idi”.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Heydər Əliyev və səhiyyə” mövzusunda çıxış edərək vurğuladı ki, ulu öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı, xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı: “Səhiyyə marifləndirilməsi, əhalinin tibbi məlumatlılığının artırılması istiqamətində görülən işləri ulu öndər yüksək qiymətləndirirdi, çıxışlarında vurğulayırdı ki, həkim, səhiyyə təkcə insanları müalicə etmək üçün yox, həm də xəstəliklərin qarşısını almaq, geniş profilaktik iş aparmaq üçündür”.
Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə çıxış edərək, Ulu öndərin Azərbaycan xalqının hər bir nümayəndəsinin, gənc nəslin sağlamlığına həssaslıqla, doğmalıqla yanaşdığını, xalqımızın demoqrafik göstəricilərinin yaxşılaşması üçün qətiyyətlə mübarizə apardığını diqqətə çatdırdı.
Açılışda Ulu öndərin səhiyyə və tibb müəssisələrinin açılışındakı fotolar əsasında hazırlanan video nümayiş olundu, səhiyyə və tibb işçiləri ürək sözlərini bölüşərək, Ümumilli lider Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad etdilər.