29 DEKABR 2022
Orta məktəblərdə aparılan sorğuların nəticələri müzakirə olundu
29 dekabr 2022-ci il tarixdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən orta məktəblər arasında keçirilən sorğuların nəticələri müzakirə olundu.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, İSİM tərəfindən keçirilən sorğuların və maarifləndirilmə işlərinin uğurlu nəticələrindən danışdı. O bildirdi ki, məktəblilərin sağlamlıqlarının qorunması və xəstəliklərin profilaktikası istiqamətində aparılan işlər gənc nəslin sağlam formalaşmasına kömək edəcək və öz uğurlu töhfələrini verəcək.
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi barədə geniş təqdimatla çıxış etdi. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlamlıq biliklərini formalaşdırmaq, zərərli vərdişlərdən uzaq olmağa çağırmaq, sağlam olmayan həyat tərzi səbəbindən orqanizmdə baş verə biləcək fəsadları diqqətə çatdırmaq idi.
İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev çıxış edərək bildirdi ki, 2022-ci ilin fevral-mart aylarında keçirilən sorğu tədqiqatı Bakı şəhərinin 10 ümumtəhsil məktəbində pedaqoji heyət arasında keçirildi və sağlam həyat tərzinin əsaslarına dair gənc nəslin məlumatlandırılması istiqamətində təhsil işçilərinin fikir və təklifləri öyrənildi.
Sonda keçirilən sorğular və gələcək planlar barəsində geniş fikir mübadiləsi aparıldı.